AZ

Paşinyanın hiyləgərcəsinə qurduğu planlar: Düşünür ki, Konstitusiya dəyişikliyinə gedərsə... -

"Ermənistanda Konstitusiya dəyişikliyi sadəcə hüquqi müstəvidə ölkəmizə qarşı revanşizmi aradan götürməyəcək, burada başqa məqamlar da aydınlaşcaq".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi baş nazir Nikol Paşinyanla deyil, Ermənistan dövləti ilə sülh müqaviləsi imzalayacaq:

"Nikol Paşinyan hazırda öz komandası ilə birlikdə Ermənistan hakimiyyətindədir. Gələcəkdə Paşinyan və komandası hakimiyyətdə olmayacaq. Yeni hakimiyyət indiki Ermənistan Konstitusiyasını əsas götürərək yeni müharibə dalğasını, müharibəni, silahlanmanı başlada, özünə tərəfdarlar toplaya bilər. Bu da Cənubi Qafqazda yenidən böyük bir müharibənin başlanması deməkdir. Əsas risk budur”.

Müsahibimiz deyib ki, işğaldan azad edilmiş ərazilərimizdə bədbəxt hadisə baş verəndə  - mina terroru yaşananda, hərbi, yaxud mülki vətəndaşımız həyatını, sağlamlığını itirəndə - ermənilər sosial şəbəkədə bunu bayram edirlər. Onun fikrincə, buna görə də bizə maraqlıdır ki, erməni toplumu həqiqətən sülh istəyirmi? Bunu yoxlamaq üçün, daha doğrusu test etmək üçün ən gözəl nümunə referendumun keçirilməsidir. O zaman biləcəyik ki, erməni ictimaiyyətinin neçə faizi Azərbaycanla sülhə, sabitliyə tərəfdardır. Bilək ki, erməni cəmiyyətində revanş əhval-ruhiyyəsi varmı? Ermənistan hakimiyyəti ilk növbədə bunu həyata keçirməlidir.

İlyas Hüseynov: Paşinyan 2026-cı il seçkisində qələbə qazanaraq hakimiyyətini möhkəmləndirmək istəyir

Hüseynova görə, Paşinyan düşünür ki, əgər Konstitusiya dəyişikliyinə gedərsə, ayrı-ayrı güc mərkəzlərinin Ermənistana müdaxiləsi reallaşa bilər:

"Bu da Paşinyanın özünə qarşı əhval-ruhiyyəni gücləndirər. Ona görə də hiyləgərcəsinə planlar qurur. Paşinyan referendumu 2027-ci ilə yubatmaqla ora Avrointeqrasiya məsələsini də salıb. Bunu da öz hakimiyyəti naminə etməyi düşünür”.

“Nəzərə alaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkisi keçiriləcək. Paşinyan həmin seçkidə qələbə qazanaraq hakimiyyətini möhkəmləndirmək və sonra referenduma getmək niyyəti güdür. Həm də bir çox regionda baş verən münaqişələrin hansı sonluqla bitəcəyini gözləyir", - deyə İlyas Hüseynov əlavə edib.

Aydın Baxış

Seçilən
11
bakivaxti.az

1Mənbələr