Çin liderləri gələn il üçün illik təqribən 5 faiz artım hədəfi təyin etməyi və büdcə kəsirini ümumi daxili məhsulun (ÜDM) 4 faizinə çatdırmağı planlaşdırır.
Sfera.az xəbər verir ki, bu məlumatı “Reuters” adını açıqlamayan Çin rəsmilərinə istinadən yayıb.
Məlumata görə, 2025-ci ilin proqnozları rəsmi qaydada gələn ilin mart ayında keçiriləcək toplantıda açıqlanacaq. Çində rəsmilər keçən həftə iqtisadi iş konfransında sabit iqtisadi artımı qoruyub saxlamağa, daxili istehlak və investisiyaların artırılmasına üstünlük verəcəyini bəyan ediblər.
Son 14 ildə ilk dəfə olaraq Siyasi Büro pul siyasəti ilə bağlı mövqeyini dəyişib və "mülayim yumşaq" pul siyasətini qəbul edəcəyinə söz verib.
Əvvəlki illərdə Çin iqtisadiyyatı 5 faizdən çox böyüyürdü. Dövlət büdcəsinin kəsirinin ÜDM-yə nisbəti isə 3 faizi keçmirdi. Ekspertlərə görə, Çinin proqnozlarındakı dəyişiklik ABŞ-nin Çindən idxal edilən mallara yüksək gömrük rüsumu və vergiləri tətbiq etməsi ilə bağlıdır.
Çinin böyüməsində ixracın ciddi dəstəyi var və belə bir vəziyyətdə ABŞ-nin Çindən idxala manelər yaratması Çinin böyümə imkanlarını çətinləşdirir.
Vasif
Sfera.az