Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi 2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və “UNICEF Azərbaycan”ın maliyyə dəstəyi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəbinin nəzdində icma əsaslı məktəbəqədər təhsil qrupu olaraq fəaliyyətə başlayıb. Uğurlu nəticələr göstərən layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində daha da genişlənib və hazırda 55 şəhər və rayonda fəaliyyət göstərən 939 icma əsaslı məktəbəqədər təhsil qrupu sayına çatıb. Bu qruplarda, təxminən 16500 uşaq təhsil alır.
Layihə 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini (sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf və fiziki inkişafını) əhatə edən bacarıqların artırılması, İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin,valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Mərkəzlərdə hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə dərslər təşkil olunur.“Azərbaycan müəllimi”nin budəfəki müsahibi Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən icma qrupunun müəllimi Fidan Mustafayevadır. F.Mustafayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecini “İbtidai sinif müəllimliyi” ixtisası üzrə bitirib.
- İcma qrupuna müəllim kimi necə qəbul olmusunuz? - 2021-ci ildə “İcma əsaslı məktəbəqədər təhsil layihəsi” çərçivəsində təşkil olunan müsabiqə və müsahibə mərhələsindən uğurla keçərək qəbul olunmuşam. Bu günə kimi bir çox təlimlərdə - Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqlarının artırılması üçün hazırlanmış 108 saatlıq pedaqoji təlim”, “EDU HUB” və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının dəstəyi ilə “Müəllimlərin mühitə adaptasiyası”, “Erkən yaşda uşaq inkişafı və təhsili”də və s. iştirak etmişəm.
- Rəhbərlik etdiyiniz icma qrupu əvvəldən bu məktəbdə yaradılıb, yoxsa başqa məktəbdə başlayıb?- Lənkəranda, şəhərin özündə bir icma qrupu var. Bu qrup Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbdə yaradılıb, mən də fəaliyyətimə elə burada başlamışam. 3-cü tədris ilidir ki, icma müəllimi kimi fəaliyyət göstərirəm.- Sinfinizdə neçə uşaq var? Yaş aralığı necədir?- Hazırda İcma qrupumda 3-4 yaş aralığında 19 uşaq var.- Üç övladınız var, həm evdə, həm məktəbdə azyaşlı uşaqlarla işləmək sizi yormur ki?- Uşaqlarla işləmək təbii ki, məsuliyyətlidir, amma özüm üçün təyin etdiyim gündəlik proqrama əsasən, həm evdə övladlarımla, həm də icmadakı uşaqlarımla işləmək yorucu olmur. Əksinə, işimdən zövq alıram.- İcma siniflərini bağçalardan fərqləndirən nədir? - İcma əsaslı məktəbəqədər təhsil qruplarında, əsasən, 3-5 yaş aralığında uşaqlar iştirak edirlər. Uşaqlara tədris yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Bu tədris proqramı 4 inkişaf sahəsinə yönəlib. Proqramdakı mövzular bir-birilə əlaqələndirilib.- Lənkəranda neçə məktəbdə icma sinifləri var? - Lənkəranda 28 məktəbdə icma mərkəzi var. Biri şəhər məktəbində, 27-si kənd məktəblərində fəaliyyət göstərir. Bu mərkəzlər bütün körpələrin təhsilə əlçatanlığını təmin etmək məqsədilə, əsasən, dövlət bağçalarından uzaq məsafədə yerləşən məktəblərdə təşkil olunur. - İcma qruplarının xüsusi dərs proqramı var, bütün məktəbəqədər müəssisələrdə eyni metod və ləvazimatlardan istifadə olunur? - Hər bir icma sinfi ümumilikdə 20-ə yaxın müxtəlif öyrədici vəsaitlər (kartlar, pazllar, fiqurlar və s.), oyuncaqlar, tədris vəsaitləri (karandaş, plastilin, rəngli kağız və s.) ilə təmin olunur.
- Burada uşaqların hansı bacarıqları daha çox inkişaf etdirilir?- Layihə erkən yaşda olan uşaqların sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqların yaxşılaşmasına müsbət təsir edir.- Dərslərdə valideynlərin iştirakı vacibdir? Bunu necə tənzimləyirsiniz?- Valideynlər sinifdə 2 nəfər olmaqla növbələşərək iştirak edə bilirlər. Valideynlərin iştirakı həm maariflənmə, həm də müəllimə dəstək məqsədilədir. İcma layihələrində məqsəd həm də valideyn-icma-məktəb əməkdaşlığının yaradılmasıdır. - İcma siniflərinə qəbul necə aparılır?- Müvafiq ilə uyğun olaraq 3 və 4 yaşı tamam olmuş Azərbaycan Respublikasının vətəndaşları icmaya qəbul olunur. Uşaqların qeydiyyatı icma müəllimi tərəfindən aparılır. - Müsahibə üçün təşəkkür edirəm, gələcək fəaliyyətinizdə uğurlar. - Mən sizə təşəkkür edirəm.