AZ

Ehtiram Quliyevə futboldan pul qazanması üçün bundan gözəl təklif?

Premyer Liqada qış fasiləsinin elan olunmasına 1 tur qalıb.

«Turan Tovuz» bu ərəfədə turnir cədvəlinin üçüncü pilləsində özünə yurd salıb.

Ondan 1 oyun az keçirmiş lider «Qarabağ»dan 10 xal geri qalan «Turan» artıq çempionluq yarışından qopub.

Kurban Berdiyevə bəslənilən ümidlər özünü doğrultmur. Ehtiram Quliyev yenə yuxudadır, ayılmayıb, ayılmaq da istəmir. Necə şirin röyaya dalıbsa, pulunn göyə sovrulmasının fərqinə varmır. Hələ isti-istidir axı.

Berdiyev «Turan»a iyrənc futbol oynadır. Ehtiram Quliyev futboldan pul qazanmaq istəyirsə, mən ona bir yol göstərim.

Qoy, artıq çəkidən əziyyət çəkən insanları stadiona dəvət etsin. Onlar üçün tribunada xüsusi yer ayırsın, dəm-dəstgah qurmasa da olar.

Deməli, həmin adamlar 100 manat verib bilet alırlar və ayda 4 dəfə arenaya ayaq basırlar. Əllərini ağdan-qaraya vurmurlar, bədənlərini əzab-əziyyətə salmırlar, sadəcə, oturub meydana tamaşa edirlər.

Berdiyevin oynatdığı əttökən futbolu 90 dəqiqə izlədikdən sonra xüsusi qonaqları çəkiölçmə aparatına qaldırsınlar.

Dadaşbalanın canına and olsun, gələnlərin hər biri 5-6 kilo çəki atmasa, mən adımı dəyişərəm. Bu da edəcək ayda 20-24 kilo.

Bundan gözəl və sərfəli biznes? Əla təklifdir, deyilmi? Həm artıq çəkidən əziyyət çəkənlər razı qalır, həm də klub.

Mən iqtisadçı deyiləm, layihə yazmaqla da aram yoxdur. Amma nə vaxtdır Berdiyevin oynatdığı futbolu izləyirəm, birdən-birə ağlıma belə bir ideya gəldi.

Day o boyda pul töküb, Kürdəxanıda və Tovuzda baza tikmək, əldən-ayaqdan düşmək nəyə gərəkdir axı!

Hələ sual altındadır ki, hörmətli Ehtiram Quliyev dağ boyda pul xərcləyəndən sonra qoyduğu məsrəfi çıxara biləcək, ya yox. Gör, ona neçə il lazımdır!

Belə işlərə pul və zaman ayırmaqdansa, təklifm etdiyim ideyanın qulpundan yapışsınlar. Bir-iki təcrübə prosesindən sonra görəcəklər, nə qədər adam stadiona axın edəcək.

Bilet alıb arıqlamaq üçün məkanın giriş qapısının önündə uzun növbələr yaranacaq. «Quyruq» orada başlayıb, şəhərin ta o tərəfində qurtaracaq.

Onsuz da, həqiqi futbolsevərlər komandaya ilk vaxtlardakı kimi diqqət göstərmirlər, beziblər. Son vaxtlar tribunalar heç yarıyadək dolmur, oyundan-oyuna tamaşaçıların sayı azalır.

Bu boşluğu doldurmaq üçün başqa nəsə etməyə lüzum görmürəm. Elə mən deyəni etsələr, stadionda iynə atmağa yer tapılmaz.

Qaz vurub, qazan dolduracaqlar.

Bəribaşdan qoy bunu da deyim: dəyərli Ehtiram Quliyev bu təklifdən sonra məni öz şirkətinə baş məsləhətçi dəvət etmək fikrinə düşməsin. Dəvətini geri çevirəcəm.

Arada-sırada yenə belə uğurlu ideyalar ağlıma gəlsə, buradan yazacam, Bir gözü saytımızda olsun, ona kömək əlimizi uzatmağa davam edəcəyik.

ELXAN

phrase_var_article.chosen
12
sportinfo.az

1phrase_var_article.sources