Növbəti il Rusiya-Ukrayna münaqişənin həlli üçün müsbət irəliləyiş gözlənilir. Bu dəfə tərəflər arasındakı dialoqun inkişafı üçün yalnız Putin və Zelenski deyil, ABŞ və Qərb də prosesdə iştirak edəcək.
Masada müzakirə ediləcək məsələlər və bunların mümkün nəticəsi ilə bağlı politoloq, siyasi şərhçi Tofiq Abbasov Sitat.info-ya danışıb.
Politoloq bildirib ki, qurulacaq masada Zelenski olmaya bilər: "Qərb sülhün yaxşı olduğunu deyir, digər yandan isə, Ukraynanın əl-ayağından dartır ki, sülhə doğru getmə, biz sənə kömək edəcəyik. Rusiyanın bu məsələdə hələ ki, birmənalı yanaşması yoxdur. Çünki, o özünü dominant sayır və qarşı tərəfdən də buna uyğun davranmasını gözləyir. Əvvəla, masada Zelenskinin olacağı şübhə doğurur, çünki, Zelenskinin prezidentlik müddəti bitib, o özü üçün bu prosesi uzadır. Yəni, qanunverici səviyyədə bu məsələ həllini tapmayıb. Rusiyadan artıq səslər eşidilirdi ki, əgər, prinsipial danışıqlarlardan söhbət gedərsə, biz Zelenskini tərəf müqabili kimi qəbul etməyəcəyik".
T.Abbasov vurğulayıb ki, Trampın manevrlərinin ciddi qəbul edilmək lazım deyil, o bununla özünəməxsus kəşfiyyat işləri aparır: "Bu məsələdə də, dəbdəbəli çıxışları oldu. Sözlərinə görə, müharibəni dayandıracaq. Bəlkə də, Tramp və Putin arasında elə bir münasibət və etimad var ki, bu məsələdə həlledici rol oynayacaq. Amma, düşünürəm ki, Putin şərtləri kortəbii şəkildə qəbul etməyəcək, çünki, Rusiyanın bir mənliyi var. Rusiya çalışır bildirsin ki, danışıqlara getmək, atəşkəs elan etmək, konfransın keçirilməsi və.s bunların hamısı Rusiyanın istəyindən irəli gələn məsələlərdir."
Politoloqun fikrincə, 20 yanvar tarixindən sonra Moskva və Vaşinqton arasında müəyyən şərtlər daxilində razılaşma əldə edilə bilər: "Əgər müharibə dayandırılarsa, Rusiya bunun müqabilində nə isə alacaq. Böyük ehtimalla sanksiyalarla bağlı tələbləri olacaq. Aydın məsələdir ki, sanksiyalar işə düşəndən sonra "qara bazar" mexanizmləri işlək vəziyyətə gəlir- normalda 5 manata satılan məhsul və ya texnologiya 10-15 manata satılır. Bu da Rusiyaya ziyan verir. Biz indi görürük ki, Qərb- xüsusilə, ABŞ-ın indiki adminstrasiyası çalışır ki, Rusiyanın neft və qazının satışına qadağalar qoysun. Ümumiyyətlə, düşünürəm ki, Putin və Tramp arasındakı danışıqlar bu zəmində olacaq ki, sanksiyalar yumşadılsın, yavaş-yavaş aradan qaldırılsın".
Tofiq Abbasov qeyd edib ki, masada üçüncü tərəflər də olacaq: "İndidən dəqiq bir şey demək çətindir, çünki, masada 3-cü tərəflər, xüsusilə Britaniya və Avropa İttifaqı olacaq və onlar da özünəməxsus mövqe tutacaqlar. Müharibənin dayanmamasını istəyəcəklər. Dəqiq məlumatı, yeni ilin ilk rübündə biləcəyik.
Türkanə Muradlı
Sitat.info