Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Musavat.com-un əldə etdiyi məlumatlara görə, Alxas Şıxmətov radikal təriqətçi olub və rayonda İŞİD bayrağı ilə dolaşaraq sakinləri qorxudub.
Rayon sakinlərinin sözlərinə görə, Alxas Şıxmətov daha çox gəncləri öz təsiri altına salaraq onları qanunsuz fəaliyyətlərə cəlb etməyə çalışıb.
Onun İŞİD bayrağı ilə dolaşması isə dini ekstremizm təhlükəsi ilə bağlı narahatlıq yaradıb. Bu davranışlar yerli əhali arasında ciddi narahatlığa səbəb olub və hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Bundan əlavə, məlum olub ki, 30 yaşlı Alxas Şixmətov əvvəllər də bir sıra cinayətlərin təşkilində iştirak edib və dəfələrlə məhkumluq həyatı yaşayıb. Onun kriminal keçmişində əsasən oğurluq, xuliqanlıq və müxtəlif hüquqazidd əməllər olduğu bildirilir.
Belə ki, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il iyunun 5-də Arif Qədiməliyevə məxsus mağazadan ərzaq məhsulları və danışıq kartları oğurlamış Alxas Şıxmətov, Toğrul Şıxkərimov, Elman Xanəhmədov və Şahin Əlixanov tutulublar. Onların həmin ilin iyun ayının 3-də Sərxan Məmmədov və Valeh Məmmədova məxsus mağazalardan da oğurluq etmələri müəyyən edilib.
Bundan başqa, Alxas Şıxmətov quldurluq da edib.
2015-ci ildə Yaşar Ərzimov, Alxas Şıxmətov, Albert Ağabəyov və Feruz Daşdəmirov Səlahəddin Əmrullayevi aldadıb meşəyə aparıb və hədələyiblər. Zorakılıqla üzərində olan 75 manatı götürüblər.
Bakı Ağır Cinayətlər Məhkəməsi hər bir təqsirləndirilənə 8 il cəza vermişdi. Apellyasiya şikayəti əsasında Yaşar Ərzimovun cəzası Cinayət Məcəlləsinin 181-ci maddəsindən 180-ci maddəsinə tövsif edilərək 4 ilə endirilib. Digər şəxslərin hökmləri isə dəyişdirilməyib.
Musavat.com