AZ

Bu idman növləri uşaqların psixologiyasına TƏSİR EDİR - "Aqressiyasının şiddəti o dərəcəyə çatır ki..."

Döyüş idman növləri rəqiblər arasında qarşıdurma ilə fiziki və texniki bacarıqların inkişaf etdirilməsinə yönələn idman növləridir. Bir çox valideyn uşaqlarının kiçik yaşlarından bu növ idmanlara hazırlaşmasının tərəfdarıdır. Amma təbii ki, döyüş idman növlərinin həm fiziki, həm də psixoloji fəsadlara yol açması istisna deyil. 

Bəs valideynlər övladlarını bu tip idmanlara neçə yaşdan yönəldə bilərlər?

Mövzu ilə bağlı tanınmış məşqçi Şıxəli Mərdanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, döyüş idman növlərinə əsasən uşaq yaşlarından, təxminən 7-8 yaşlarından başlayanlar var:

"Bu növ idmanlarda uğur qazanmış, olimpiada çempionu olmuş, beynəlxalq dərəcədə nailiyyətləri olan idmançılara baxsaq, görərik ki, onların çox qismi bununla uşaq yaşlarından məşğul olur. Uşaq yaşından başlamaq daha təcrübəli, daha dözümlü olmağa gətirib çıxarır".

Məşqçinin sözlərinə görə, Azərbaycanda idmançılarımız əsasən cüdoya üz tuturlar:

"Cüdo, güləş, kiqboks daha çox müraciət olunan döyüş növləridir. Boks isə hazırda bir o qədər dəbdə deyil, çünki çox çətin idman növüdür. Əsasən kiqboksçulardan bir müddət sonra boksa keçənlər olur. Amma boksçularımız yetərincə var. Bir də MMA (qarışıq döyüş sənətləri) ilə məşğul olanların sayı həddən artıq çoxalıb. Ancaq valideynlərin uşaqlarına ən çox məsləhət gördüyü idman növü cüdodur. Valideynlər uşaqlarını idman sahəsində professional yetişdirmək istəyirlərsə, 7, 8, 10 yaşlarından bu istiqamətə yönləndirə bilərlər".

Bəs döyüş idman növləri uşaqların psixologiyasına necə təsir edir?

Bununla bağlı psixoloq Zeynəb Əyyubova bizimlə söhbətində dedi ki, normal döyüş növləri uşaqlarda özgüvən yaradır:

"Söhbət cüdo, taekvando və bu tip idman növlərindən gedir. Amma qaydasız döyüş kimi idman növləri isə uşaqlara psixoloji nöqteyi-nəzərdən aqressiya verir. Hətta aqressiyasının şiddəti o dərəcəyə çatır ki, uşaqlar artıq hər problemi döyməklə, vurmaqla həll etməyə çalşırlar. Bu da bizim üçün normal hal deyil".

Psixoloqun sözlərinə görə, valideynlər uşağın özünə güvəninin artması, fiziki göstəricilərinin artması üçün və s. onu normal döyüş növlərinə qoya bilərlər:

"Digər idman növlərinə isə 15 yaşına çatmamış uşaqları yönləndirmək məsləhət görülmür. 15 yaşından sonra isə artıq o qədər də uşağın psixologiyasına təsir etmir, yəni artıq 15 yaşdan sonra uşaqlar öz hirsini kontrol edə bilir".

Sevinc İBRAHİMZADƏ

phrase_var_article.chosen
18
1
redaktor.az

2phrase_var_article.sources