İbtidai sinif şagirdlərinin dərsə səhər saat 8-də başlaması və bunun üçün saat 7-də, havanın hələ aydınlanmadığı saatlarda qalxaraq hazırlaşması həm azyaşlılara, həm də valideynlərə çətinlik yaradır. Sosial şəbəkələrdə son vaxtlar dərslərin ibtidai siniflər üçün saat 9-da başlanması ilə bağlı müzakirələr artıb.
Digər tərəfdən II növbə olan siniflərin dərsdən gec çıxması təhsil sahəsində aktual məsələlərdən biridir. Bu şagirdlərin fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Bəzi məktəblərdə 3-cü növbə dərsə gedən şagirdlər də var və bu zaman dərslər daha gec bitir.
Təhsil eksperti Adil Əliyev bu problemin mümkün həll yolları ilə bağlı Sitat.info -ya danışıb.
O bildirib ki, məktəblərdə dərs saatının dəyişdirilməsi həm şagirdlər, həm də müəllimlər üçün çox çətinlik yarada bilər: "Bunun başlıca səbəblərindən biri, məktəbdə 1-ci növbə dərslərinin 08:00-da başlaması və valideynlərin bir çoxunun işə gedərkən, övladını məktəbə yola salmasıdır. Dərslər gec başlayarsa, bu valideynlər üçün çətinlik yaradacaq. Digər tərəfdən, ikinci növbə dərslərə baxsaq, saat 6-7-ə kimi davam edir və sözsüz ki, o saatda çıxan şagird axşam qaranlığına qalır. Buna görə, valideyn də narahat olur, şagirdlər də müəyyən çətinliklər çəkə bilər. Müəllimlərə gəldikdə isə, axşam evə getdikdən sonra istirahət edə bilmir, əlavə iş görə bilmirlər".
Ekspertin sözlərinə görə, şagirdlərlə tələbələr arasındakı yaş fərqi özünü dərs saatlarında göstərir və belə də olmalıdır: " Nəzərə alsaq ki, bir çox məktəblərdə dərslər ikinövbəli tədris edilir, buna toxunmaq olmaz. Universitetlərdə dərs saatının gec başlayıb, gec bitməsi problem olmur, çünki, təhsil alan gənclər artıq sərbəst şəkildə gedib-gələ bilir. Bunu şagirdlərlə müqayisə etmək heç doğru olmaz".
Ekspert sonda şagirdlərin dərsdən başqa fənn hazırlıqlarına getdiyini, yetərincə yorulduğunu, dərs saatının dəyişdirilməsinin onların nahar və istirahət fasilələrinə təsir edəcəyini də əlavə edib.
Türkanə Muradlı
Sitat.info