“Mübarəki devirdilər”, “Sağ əli Əsədin başına”;
Suriyanın Dera şəhərində iki qadın həkimin arasında keçən bu qısa dialoq Əsəd rejimi tərəfindən həbslərinə və saçlarının qırxılmasına, onların qohumu olan 15 yeniyetmənin etiraz olaraq, şəhər divarlarına “xalq rejimi istəmir” şüarlarını yazmasından sonra ağır işgəncələrlə üzləşməsinə, övladlarını xilas etmək istəyən aşirətlərə (tayfalar) qarşı yenə rejim qüvvələrinin hücum etməsinə, ümumilikdə iki cümləlik bu dialoqun bir ölkənin bataqlığın dibinə qədər yuvarlanmasına səbəb oldu: dağılmış şəhərlər, minlərlə qurban, milyonlarla qaçqın, 13 il davam edən müharibə...
Və 13 il sonra Əsəd rejimi cəmi 12 gün içində devrildi. Dünyanın müxtəlif güc mərkəzlərinin toqquşduğu coğrafiyada yaşananlar Suriya müharibəsinin gerçək səbəbləri və nələrin yaşandığına dair açıq suallar yaradır. Hər şeyi lap əvvəldən baxmaq zərurəti var, hər şeyin necə olduğunu və necə olacağını görmək üçün.
Hadisələrin inkişafı və baş verənlər Suriya müharibəsinin çoxtərəfli və qarmaqarışıq mənzərəsini ortaya çıxarır. Bu mənzərəyə üç pəncərədən baxmaq olar.
Birinci pəncərə: sosial-iqtisadi-siyasi vəziyyət və tarixdən qaynaqlanan məzhəb qarşıdurması;
2011-ci ilin mart ayında başlanan etiraz aksiyaları Əsəd rejiminin silahlı müdaxiləsindən sonra vətəndaş müharibəsinə gətirib çıxardı. Dünya mediası Suriyadakı azadlıq mübarizəsini sosial və demokratiya tələbləri ilə əlaqələndirirdi, “ərəb baharı”nın domino effekti ilə davam edən dalğası fonunda bu etirazların “acların müharibəsi”, yaxud “demokratiya mübarizəsi” kimi qəbul edilməsi heç də səbəbsiz deyildi. Suriyada həqiqətən də sosial problemlər və rejimin təzyiqi mövcud idi.
2000-ci ildə atası Hafiz Əsədin taxtına oturan Bəşər Əsəd xalqda “ağ günə çıxmaq” ümidi yaratmışdı. Xüsusilə onun Qərb təhsilli olması bu ümidləri artırırdı. Həqiqətən də Əsəd taxta çıxanda islahatlarla bağlı ciddi vədlər vermişdi: korrupsiya ilə mübarizə, demokratiyanın bərqərar olması, söz azadlığı, iqtisadiyyatın liberallaşdırılması və s.
Bu vədlərlə taxta əyləşən Əsəd siyasi məhbusları azadlığa buraxdı, azad medianın inkişafı istiqamətində bir sıra addımlar atdı, demokratik islahatlar tələb edən ziyalılar fikirlərini sərbəst şəkildə dilə gətirə bildilər, hətta hökumətə təkliflər də verdilər. Hərçənd, hər şeyi cəmi bir il çəkdi və siyasi açılım sosial-iqtisadi sferada davam etdirilmədi. Xüsusilə milli gəlirin Əsədə yaxın qrupların əlində toplanması, bu paydan sünni əhaliyə az çatması reallıq idi. Bununla yanaşı, ölkənin gəlirlərinin böyük şəhərlərdə sənayenin inkişafına yatırılması, xalqın əsas məşğuliyyəti olan əkinçiliyin zəifləməsi, üstəlik, quraqlığın əkin sahələrini bərbad vəziyyətə salması vəziyyəti daha da çətinləşdirmişdi: Suriyanın artıq keçmişə çevrilən hökumətinin statistikasına görə, 2009-cu ildə ölkədə işsizlik 12,6 faiz idi, lakin real rəqəmin 20 faiz olduğu deyilirdi; əhalinin 70 faizə yaxınının aylıq gəliri 100 ABŞ dollarından az idi; hökumət etiraf edirdi ki, demoqrafik artıma uyğun olaraq yeni iş yerləri yarada bilmirlər; BMT-nin İnkişaf Proqramı 2005-ci ildə Suriya əhalisinin 30 faizinin yoxsulluq içində yaşadığını, 11,4 faizin isə ümumiyyətlə minimum gəlirinin belə olmadığını açıqlamışdı;
Lakin digər informasiyalar “ərəb baharı”nın davamı olaraq, Suriyaya çatan azadlıq mübarizəsinin tamamilə “acların müharibəsi” kimi təqdim edilməsinə kontur-cavabdır: müharibə başlayanda adambaşına düşən ümumi daxili məhsul 5 min ABŞ dolları idi; ölkədə kommunal xidmətlər olduqca ucuz idi; Suriyadakı sosial vəziyyət digər ərəb ölkələrindən çox da fərqlənmirdi; O zaman sual yaranır: Tunisdən Küveytə qədər uzanan “ərəb baharı” Suriyada niyə dəhşətli müharibəyə səbəb oldu?
Bunun XX əsrin əvvəlindən başlayaraq günümüzə qədər davam edən və vətəndaş müharibəsinin körüklənməsindəki başlıca amil olan etnik-dini kimlikdən tutmuş qlobal və regional oyunçuların maraq savaşının aktiv mərhələyə keçidinə qədər bir çox səbəbləri mövcuddur.
Dini-etnik xəritə və azlığın çoxluq üzərindəki mütləq hakimiyyəti: Suriyadakı etirazların və Əsəd rejiminin xalqa silahlı müdaxiləsinin daxildəki ana səbəb məhz bununla bağlı idi.
Etnik qruplar: 83 faiz ərəb, 8 faiz kürd, 6 faiz türk, 2 faiz erməni, 1 faiz çərkəz, 1 faiz isə digər etnik qruplar – fələstinlilər və başqaları;
Dini qruplar: 74 faiz sünni, 12 faiz nüseyri (883-cü ildə Məhəmməd bin Nusayri əl-Nəm tərəfindən yaradılıb, təriqət şeyxinin adı ilə tanınır, ideoloji olaraq ələvilərə yaxındır, bu baxımdan, nüseyrilərə həm də ələvilər deyilir), 10 faiz xristian, 3 faiz dürzi (ismailliyin qollarından biri), az sayda hiziplər (cəfərilərə yaxın təriqət) və yəhudilərlə yezidilər;
Ölkə əhalisinin əksəriyyəti sünnilərdir, lakin XX əsrin əvvəlindən etibarən Suriyada əsas idarəçilik nüseyrilərin əlində olub. Suriya vətəndaş müharibəsinin ana səbəbi olan dini qarşıdurmanı anlamaq üçün tarixə ekskurs etməkdə lüzum var:
1920-ci illərdən etibarən Suriya Fransanın nəzarətinə keçdi. Ölkədə Fransa mandatlı hakimiyyət 1946-cı ilə - II Dünya müharibəsində Fransanın zəifləməsinə qədər davam etdi. Fransızlar Suriyanı 6 muxtar vilayətə bölmüşdü və əhalinin əksəriyyəti sünni olsa da, azsaylı nüseyrilər və dürzilərə daha çox dəstək verilir, onlardan sünni qiyamlarının yatırılmasında, xüsusilə bu məzhəb üzərində ucalan ərəb millətçiliyinə qarşı istifadə edilirdi. Hərbi birliklər də nüseyrilərdən yaradılırdı. Sonradan Suriya və Livanın silahlı qüvvələrini formalaşdıracaq “Xüsusi Levant Birlikləri” (Levant Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan ərazinin tarixi adıdır) adında nüseyri (ələvi) hərbi qruplaşmaları da həmin dövrdə yaradılmışdı. Fransızların nüseyrilərdən istifadə etməsi Suriyanın hərbi-siyasi elitasında onların güclü olmasının təməlini formalaşdırdı. Fransa hakimiyyəti dövründə nüseyrilərin orduda hakim mövqedə olması və ərəb millətçiliyinə qarşı fransızların cəbhəsində döyüşməsi sünnilərlə aralarındakı tarixi uçurumu da yaratdı.
II Dünya müharibəsindən sonra müstəqilliyini qazanan Suriyada nüseyrilərin hərbi-siyasi elitada hakim olmasında Baas partiyasının rolu böyük oldu. 1947-ci ildə Şamda yaradılan partiya 1963-cü ildə hərbi çevrilişlə hakimiyyətə gəldi və hərbiçilərin rəhbərlik etdiyi partiyada nüseyrilər ön planda yer aldı. Bunun səbəblərindən biri də 1963-cü ilə qədər çoxsaylı hərbi çevrilişlər edən sünni hərbi elitanın qarşıdurmalarla bölünməsi idi. Hafiz Əsəd (Bəşərin atası) 1963-cü il çevrilişindən sonra Hərbi Hava Qüvvələrinin rəhbərliyinə gətirildi. 3 il sonra baş verən başqa çevriliş nəticəsində müdafiə naziri oldu. 1970-ci ildə isə partiya daxilindəki hərbi çevrilişlə siyasi sistemin başına keçdi. Hafizin hakimiyyəti dövründə nüseyrilərin orduda, siyasi idarəçilikdə və iqtisadi sferada mütləq hakimiyyəti gücləndi. Beləliklə, ölkədə azlıq təşkil edən məzhəbin təmsilçiləri çoxluqda olan məzhəbin taleyini əlinə aldı. Nüseyri hakimiyyətinə qarşı sünnilərin “Müsəlman qardaşları” kimi radikal müxalifət qruplarının yaranması da həmin dövrdə sürətləndi. 2000-ci ildə atasının ölümündən sonra ölkədə iqtidara gələn Bəşər Əsəd nə qədər müasir islahatlardan danışsa da, reallıqda keçmiş mirası davam etdirdi və sünni qrupların haqları gözardı edildi.
Əsədin etirazçılara silahla qarşılıq verməsinin, “azadlıq” adı ilə başlanan vətəndaş müharibəsinin kökündə Suriya xalqının məzhəb qarşıdurması dayanırdı: Nüseyrilər mütləq hakimiyyətlərindən vaz keçmədilər, sünni müxaliflərsə nəhayət hakim dini azlığı taxtdan endirmək üçün silahlı üsyana başladı.
Bu məzhəb qarşıdurması təkcə Suriya daxilində yox, regional müstəvidə də siyasi cəbhələrin yaranmasına səbəb olmuşdu. Bu baxımdan, Suriya azadlıq hərəkatının müharibəyə çevrilməsində regional faktorlar ön plana çıxır.
İkinci pəncərə: regional oyunçular və maraqları;
İran: Tehran üçün Suriyada nüseyrilərin hakimiyyətdə olması ilk növbədə bölgədəki İran-İraq-Suriya-Livan xəttini və bu xətt üzərində qurmağa çalışdığı “Şiə Hilalı”nın qorunması, gələcəkdə bu marşrut üzərindən Aralıq dənizinə çıxmaq şansı demək idi. Bununla yanaşı, Suriya Tehranın Livanla, yəni Hizbullahla yeganə quru əlaqəsi saxladığı İraq-Suriya marşrutudur. Əsədin getməsi ilə İran bölgədəki ən böyük silahlı gücünü itirmək təhlükəsi ilə üz-üzə qalıb. Suriyada məğlub olan İranın Yəməndəki “husi kartı”nın da əldən çıxması riski yaranıb. Yəmən regional güclərin, xüsusilə şiə cəbhəsinin lideri rolunda çıxış edən İranla sünni cəbhənin önündə gedən Səudiyyə Ərəbistanının qarşıdumasındakı əsas faktorlardan biridir.
Körfəz ölkələri: Səudiyyə Ərəbistanının liderliyi altında çıxış edən bu ölkələrin Suriyada sünni qruplara dəstəyi etiraz aksiyalarının müharibəyə qədər gəlib çıxmasında rol oynayan başlıca amillərdəndir. Bu cəbhənin ilkin marağı Əsədin getməsi ilə hər şeydən öncə Suriyada nüseyri hakimiyyətinə son qoyulması idi. Bununla İranın Suriyadakı təsirləri aradan qalxır, Tehranın Livana çıxışı bağlanır və onun Yəmən üzərində rıçaqları təhlükə altına düşür. Çünki İran üçün Ər-Riyada zərbə endirməyin ən münasib məkanı Yəməndir. Oman dənizi ilə Qırmızı dənizin kəsişdiyi yerdə yerləşən Yəmən Şərqi Afrika sahillərini nəzarətdə saxlamaq üçün də vacib ölkədir. Bu ölkənin coğrafi mövqeyi Səudiyyə Ərəbistanını cənubdan əhatələməyə də imkan verir. İran buranı ələ keçirməklə Qırmızı-Oman-Bəsrə-Hörmüz xətti istiqamətində işləyən enerji daşıma xəttinə nəzarət edə və Səudiyyə Ərəbistanının qarşısına ciddi güc qoya bilər. Bu xəttin əsasını təşkil edən Bəsrə-Hörmüz boğazı 40 minə yaxın gəminin keçə biləcəyi məsafədədir, eyni zamanda, Afrika ilə Asiya qitələrini bir-birindən ayırmaqla dünya neft ticarətinin göz bəbəyi hesab olunur.
Türkiyə: Ankara Yaxın Şərqdə Osmanlının nüfuzunu qaytarmaq və bölgənin bölünməsindən öz payını almaq niyyətindən idi, bu baxımdan, Suriyada şiə hakimiyyəti və məzhəb üzərindən İranın təsir rıçaqlarının güclənməsi Türkiyənin uzaq perspektivdəki genişlənmə və regional gücünü artırmaq planlarına ziddir. Lakin yaxın perspektivdə Ankara üçün Suriyada mövcud olmaq cənub sərhədlərində “kürd dəhlizi” planını və PKK-nın yaratdığı təhlükələri sıradan çıxarmaq üçün vacib olub.
Regional oyunçular arasında İsrailin çəkisi xüsusi ağırlığı ilə seçilir. Təl-Əviv Əsədin getməsində Ankara və Ər-Riyadla eyni mövqeyi paylaşsa da, onun üçün məzhəb fərqi yoxdur. İsrailin əsas istəyi Suriyanın parçalanması, bölgədə əsas təhlükə hesab etdiyi İranın bu ölkədəki rıçaqlarını itirməsi, beləliklə, “Şiə Hilalı”nı sıradan çıxarmaq olub. “Ərəb baharı”nın əsas hədəflərindən birinin bölgədə “İsrailin təhlükəsizliyinin təmin edilməsi” olduğu da təsadüfi deyildi. Hərçənd, İsrail Əsədin getməsində Türkiyə ilə eyni mövqedən çıxış etsə də, “kürd dəhlizi” planı və PKK-nın Suriya qanadı olan PYD/YPG-yə münasibətdə Ankaraya zidd cəbhədə yer alır. O cümlədən, bölgənin enerji resurslarının istismarında fikir ayrılıqları var.
Üçüncü pəncərə: beynəlxalq oyunçular və maraqları;
ABŞ: Suriya müharibəsinin əsas iştirakçısı Vaşinqton olub.
- Suriya İranın bölgədəki caynaqlarının kəsilməsi, Rusiyanın Yaxın Şərqdə yeganə təsir platformasının sıradan çıxarılması, Çinin “Bir kəmər bir yol” layihəsinin bölgədən keçən marşrutunun qarşının alınması və nəhayət, “Böyük Yaxın Şərq Planı”nda nəzərdə tutulan “bölgənin parçalanması, yeni dövlətlərin yaranması, enerji resurslarına nəzarət edilməsi və s.” ssenarilərini həyata keçirməkdə ABŞ üçün önəmli coğrafiyadır.
Rusiya: “Moskva üçün Suriya Yaxın Şərqdə varlığının sonuncu qalasıdır”. Kremlin Əsədə görə müharibəyə girməsi belə şərh edilir və bu fikirdə həqiqət payı az deyil. Lakin başqa səbəblər də var.
a) Hələ 1970-ci illərdə hakimiyyətə gəlmək üçün Hafiz Əsədə yardım edən ruslar Suriyaya indiyə qədər mövcud olan lövbərini saldı. Hafiz iqtidara gəlmək qarşılığında ruslara borcunu Aralıq dənizinin sahillərindəki Tartus şəhərində hərbi baza yaratmağa imkan verməklə ödədi. “Buz bağlamayan dənizlərə çıxış” - bu ideya I Pyotr tərəfindən Rusiya donanmasını yaradarkən irəli sürülmüşdü və ruslar hələ də öz qəhrəmanlarına sadiqdir. Əsədin getməsi Pyotrun vəsiyyətinin də təhlükə altına düşməsi demək idi və hazırda ruslar bu reallıqla üz-üzə qalıb.
b) Suriya Yaxın Şərqdə İsrail və Səudiyyə Ərəbistanına, dolayısı ilə onların hamisi rolunda çıxış edən ABŞ-a qarşı ən real sipər idi. Dəməşqdə şiə rəhbərliyinin qalması İranın da dəstəyini təmin edirdi ki, bu da Rusiya üçün Qərb gücünə qarşı bölgədə təkbaşına qalmaması üçün vacib olub. Rusiya yaxşı anlayırdı ki, Əsəd yıxılarsa, ABŞ bölgədə daha sürətlə genişlənəcək və bu ona sərf etmirdi.
Çin: Uzaq Şərqdə “yatmış əjdahaya” bənzədilən bu ölkənin yuvasından çıxması Yaxın Şərqin bölüşdürülməsindən kənarda qalmaq istəməməsindən qaynaqlanır. Pekin anlayır ki, ABŞ-ın Yaxın Şərq planını həyata keçirməsi gələcəkdə Çinə qədər nəzərdə tutulan “şərq ekspedisiyası”nın növbəti mərhələlərinin də önünü açacaq. ABŞ Pekinin gələcəyi üçün təhlükə mənbəyidir. Suriya həm də Çinin dünyanın güc balansını dəyişdirməyə hesablanmış “Bir kəmər bir yol” layihəsində ən önəmli marşrutlardan biridir.
Suriya regional və beynəlxalq güclərin bir-birinə qarşı açıq cəbhə açdığı dünyanın yeganə ölkəsidir: Körfəz ölkələri, ABŞ, İsrail bir cəbhədə, Rusiya, İran və Çin isə digər cəbhədə yer alır; Türkiyə bu iki cəbhə arasında güc balansını dəyişdirəcək əsas ölkə rolunda çıxış edir, Ankara Suriya müharibəsinin başlanğıcında ABŞ cəbhəsində yer alsa da, sonradan Rusiya cəbhəsinə doğru əyildi, lakin bu, cəbhəni tamamilə dəişdirməsi də demək deyildi. Türkiyə hazırda Suriyada müstəqil və həlledici oyunçuya çevrilib. Toqquşan və uzlaşan maraqlara görə gah ABŞ cəbhəsi ilə birgə, gah da müstəqil oyunçu kimi çıxış edən tərəflərdən biri isə Avropa İttifaqı, xüsusilə vaxtilə Suriyada hakim olmuş Fransa olub.
Suriya müharibəsinin gerçək səbəbləri arasında ən mühüm olan enerji marağı da ön planda olub.
2011-ci ildə İran, İraq və Suriya arasında “Dostluq boru kəməri” adlandırdıqları, Qərbin “İslam boru xətti” olaraq təqdim etdiyi layihə ilə bağlı anlaşma imzalandı. Razılığa görə, İranın Cənubi Fars bölgəsindən çıxarılacaq təbii qaz İraq və Suriya üzərindən keçəcək kəmərlə Aralıq dənizinə çatdırılacaq, orada dənizin dibi ilə çəkiləcək kəmərlə Livana, oradan da Yunanıstana çıxacaq. Avropa bazarı İran qazını istəməsə belə, Tehran bununla “Şiə Hilalı”nı gücləndirmək və bölgədə əsas oyunçu olmaq istəyirdi. Bu layihə Rusiyanın da maraqlarına uyğun idi, çünki çəkiləcək boru xətti rusların Suriyada nəzarətdə saxladıqları Tartus limamından keçəcəkdi. Rusiya bununla həm boru xəttinə ortaq olacaq, həm də Avropanın enerji bazarında hakim mövqeyini qoruyacaqdı. Belə bir layihə ABŞ-ın, İsrailin, eləcə də bölgənin enerjisini Avropaya daşımaq istəyən Türkiyənin maraqlarına və həyata keçirmək istədikləri layihələrə zidd idi. “Ərəb boru xətti” adlanan layihə Qatarın enerji resurslarının Türkiyə üzərindən Avropaya çıxışını nəzərdə tuturdu. Müharibədən öncə Səudiyyə Ərəbistanı Əsədə bu layihədə yer almaq təklifini etsə də, sonuncu imtina etdi.
Bunun fonunda Suriya müharibəsindən bir neçə ay öncə İsrail Aralıq dənizinin Levant hövzəsində 16 trilyon kubmetr olduğu təxmin edilən qaz yatağı aşkarladı. İsrail təbii qazı iki marşrut üzərindən Avropaya çıxarmağı düşünürdü: birincisi, Livan-Suriya-Türkiyə; ikincisi, Aralıq dənizinin dibi ilə çəkiləcək boru xətti;
İkinci marşrut bahalı olduğu üçün İsrail quru yoluna üstünlük verirdi. Bu həm də İranın “Şiə Hilalı”nı gücləndirəcək enerji planlarının da sıradan çıxarılmasına hesablanmışdı, lakin Əsəd artıq İranla çoxdan razılaşmışdı və bu, ona qarşı İsrailin də daxil olduğu cəbhənin qurulmasındakı səbəblərdən biridir.
13 illik müharibədən sonra Əsəd devrildi və atasının da işlədiyi Moskvaya qaçdı. İndi bir sual əsasdır: Suriya münaqişəsi-müharibəsi başa çatdımı?
Çətin görünür, çünki Suriyada son 13 ildə çoxsaylı qruplar və maraqlar yaranıb, bütün bunları birləşdirmək, ölkəyə nəzarəti ələ almaq asan deyil, hətta mümkünsüz belə görünür. Hələ ki Suriyadakı oyunçular diplomatik müstəvidə “çıxış yolları” axtarırlar, lakin “çarənin” tükənəcəyi və silahların yenidən işə düşəcəyi perspektivi də görünür.
Asif Nərimanlı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta