AZ

"Əmək müqaviləsi işəgötürənin şəffaf fəaliyyət göstərdiyini sübut edir" — Hüquqşünas

Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı artıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Dayaq" mükafatının təqdim olunma mərasimində çıxışı zamanı deyib ki, bu artım 50 faiz olub. Onun sözlərinə görə, 609 min əmək müqaviləsinin 80 %-dən çoxu, yəni 500 mini məhz özəl sektorun payına düşür: “Bu dövr ərzində özəl sektorun əmək bazarında payı 2 dəfə artıb, əməkhaqqı fondu isə 3 dəfə artıb".

Hüquqşünas Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər müsbət nəticə verir. Ekspert söyləyib ki, bu tədbirlərin nəticəsində təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub:

“Əmək müqaviləsinin bağlanması həm işə götürən, həm də işçi üçün vacibdir. Dövlət iş yerlərində əmək müqaviləsinin bağlanmasında maraqlıdır. Çünki əmək müqaviləsi ilə işləyən şəxslər dövlətə vergi ödəyirlər. Özəl sektrorda vergi ilə bağlı 8 min manata qədər güzəşt var, amma bu, müvəqqəti xarakter daşıyır. Digər tərəfdən, dövlət sosial sığorta ödəmələrini həyata keçirir, pensiya və digər sosial ödənişlər üçün yığım prosesi aparılır. İşəgötürənin işçi ilə əmək müqaviləsi bağlaması onun hesabatlı və şəffaf fəaliyyət göstərdiyinə dəlalət edir. Əmək müqaviləsi işəgötürənlə işçilər arasında münasibətləri tənzimləyir. Əmək müqaviləsi tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir”. 
S.Məmmədov onu da əlavə edib ki, işçi vəzifə öhdəliklərini pozduqda işəgötürən ona qarşı inzibati tənbeh tədbirləri görə bilər:

“İşçi üçün əmək müqaviləsinin mövcudluğu xüsusilə önəmlidir. Çünki rəsmi qaydada işlədiyi müddət ərzində onun pensiya kapitalı toplanır, tibbi sığortası olur, ona işsizlikdən sığorta haqqı ödənilir və hər hansı sığorta hadisəsi baş verdikdə ona ödəniş olunur. İstehsalatda bədbəxt hadisə baş verdikdə, işçi “peşə xəstəliyi”nə tutulduqda icbari tibbi sığortadan istifadə edə bilir. Ölkədə əmək müqavilələrinin sayının hər il artması müsbət haldır”.

Törə Zeynallı
Demokrat.az
phrase_var_article.chosen
6
demokrat.az

1phrase_var_article.sources