AZ

“Çelsi” Mudrikin dopinq qalmaqalı ilə bağlı açıqlama yaydı

Məlum olduğu kimi, “Çelsi”nin ukraynalı sol cinah hücumçusu Mixaylo Mudrikin oktyabr ayındakı dopinq müayinəsi müsbət nəticə verib.

Arena.az xatırladır ki, futbolçunun qanının “B” nümunəsinin də açılacağının gözlənildiyi bir vaxtda, ilk nümunədən aşkarlanmış maddənin qadağan edilmiş mildronat ola biləcəyi təxmin edilir.

Ukraynalı futbolçu bu barədə açıqlama verib:

“Təsdiq edə bilərəm ki, İngiltərə Futbol Assosiasiyasına (The FA) təqdim etdiyim nümunənin qadağan edilmiş maddədən ibarət olması barədə mənə məlumat verilib.

Bu, mənim üçün tamamilə sarsıdıcı xəbər oldu. Çünki mən heç vaxt qanunsuz maddələrdən bilərəkdən istifadə etməmişəm və ya hər hansı qaydaları pozmamışam. Bunun necə baş verə bildiyini anlamaq üçün isə komandamla sıx əməkdaşlıq edirəm.

Mən səhv bir xüsusa yol vermədiyimi bilirəm və tezliklə meydana qayıdacağıma ümid etməyə davam edirəm. İndi işin məxfiliyinə görə daha çox xüsusu açıqlaya bilmirəm, amma bacardığım qədər bunu edəcəyəm”, – Mudrik özünün sosial şəbəkə hesabı üzərindən dərc edib.

Vurğulayaq ki, dopinq qalmaqalı ilə bağlı xəbər internetdə peyda olandan sonra, Mudrik məşhur sosial şəbəkələrdən birində yazılarına şərh yazmaq imkanını əngəlləyib.

“Mudrik heç vaxt qadağan edilmiş maddələrdən bilərəkdən istifadə etməyib”

Bu mənzərədə “Çelsi”nin mətbuat xidməti də baş vermiş qalmaqala dair mövqeyini açıqlayıb:

“Çelsi” Futbol Klubu təsdiq edə bilər ki, oyunçumuz Mixaylo Mudrik İngiltərə Futbol Assosiasiyası tərəfindən, adi sidik müayinəsinin xoşagəlməz nəticəsi ilə bağlı məlumatlandırılıb. Həm klub, həm də Mixaylo İngiltərə Futbol Assosiasiyasının müayinə proqramını tam dəstəkləyir. Bütün oyunçularımız, o cümlədən Mixaylo mütəmadi olaraq müayinədən keçirilirlər. Mixaylo təsdiqləyib ki, heç vaxt qadağan edilmiş maddələrdən bilərəkdən istifadə etməyib. İndi həm Mixaylo, həm də klub müvafiq orqanlarla birgə müayinənin müsbət nəticəsinin nədən qaynaqlandığını öyrənmək üçün əməkdaşlıq edəcəklər”, – “zadəganlar”ın rəsmi bəyanatında deyilir.

“Daily Mail” nəşrinin məlumatına görə, hazırda Mixaylo Mudrik İngiltərə Futbol Assosiasiyasının müvafiq qərarına əsasən, futboldan müvəqqəti kənarlaşdırılıb.

Əlavə edək futbolçunun “B” nümanəsinin də müsbət nəticə verəcəyi halda, Mudriki 4 il müddətinə cəza gözləyir.

Mixaylo Mudrik Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukraynalı cinah hücumçusu karyerası ərzində Kiyev “Arsenal”ı və “Desna”da icarə əsasında oynayıb, 2023-cü ilin yanvarında isə 70 milyon avro məbləğ müqabilində “Şaxtyor”dan “Çelsi”yə keçib.

Mudrik cari mövsümdə “zadəganlar”ın heyətində 15 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Mudrikin “Çelsi” karyerası ümumilikdə 73 oyun, 10 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Mudirikin qənimətlər muzeyində “Şaxtyor”la qazandığı Ukrayna çempionluğu və Ukrayna Kuboku var. 2022-ci ildə isə Mudrik Ukraynada ilin futbolçusu seçilib.

Mixaylo Mudrik 2022-ci ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 28 oyuna 3 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı ukraynalı sol cinah hücumçusu Mixaylo Mudrikin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

phrase_var_article.chosen
17
arena.az

1phrase_var_article.sources