AZ

Mənzilin kirayəsinə görə vergini kim ödəməlidir?

Bu gün kirayə götürmək istədiyim mənzilin sahibi məndən 14 faiz vergi ödəməyimi tələb etdi. Bildiyim qədərilə vergini ev sahibi ödəyir, icarəyə götürən deyil. Xahiş edirəm bu barədə məlumat verəsiniz.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 99-cu, 124-cü və 149-cu maddələri.

Seçilən
26
12
vergiler.az

10Mənbələr