AZ

3 uşaq atası Nərmini ölümə belə təhrik edibmiş...

Şəmkirdə 24 yaşlı Nərmin Məmmədovanın intiharı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gundem.az xəbər verir ki, N.Məmmədovanın tanışı 40 yaşlı Elnar Məmmədov Cinayət Məcəlləsinin 125 (Özünü öldürmə həddinə çatdırma) və 182.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədova 9 il həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, N.Məmmədova 2022-ci ildə boşanıb, bundan sonra onun E.Məmmədovla münasibəti yaranıb. Bir müddət sonra E.Məmmədov Nərmini hədələməyə, əhali arasında rüsvay edəcəyini bildirməyə başlayıb. Elnar Nərminə fiziki zorakılıq edərək ona 5 min manat borcunun olmasına dair iltizama imza çəkdirib. Həmçinin qızın anasından hədələmə yolu ilə bir neçə dəfə pul alıb.

Tələb etdiyi pulun verilməyəcəyi təqdirdə Nərminin azyaşlı övladını atasına verdirəcəyini də deyib.

Depressiv vəziyyətə düşən və ləyaqətinin alçaldıldığını hesab edən qadın çıxış yolu olaraq intiharı seçib. O, intihardan əvvəl iki məktub yazıb.

Bu məktubların birində “Məmmədov Elnar tərəfindən şantaj olunuram. 2 ildir məni şantaj edir, axır ki, mənə 5 min manatlıq kağıza qol çəkdirdi, guya ona 5 min verəcəyim var. Tək pulla yox, şəkillərimlə də şantaj edir. Mayın 29-da bıçağı dirədi mənə, şəkillərimi çəkdi, sənədə qol çəkdirdi. 2 ildə mənə hər istədiyini etdi, uşağımı aldırmaqla belə hədə-qorxu edir, artıq yorulmuşam, özümü öldürməyə qərar verdim”.

İkinci məktubunda isə N.Məmmədova övladına vəsiyyətini və arzularını qeyd edib.

O da məlum olub ki, qadını şantaj edərək ölümünə səbəb olan 40 yaşlı kişi evlidir və 3 uşaq atasıdır.

phrase_var_article.chosen
32
17
gundem.az

10phrase_var_article.sources