Səhiyyə naziri Teymur Musayev saxta plastik cərrahlarla bağlı Baş Prokurorluqla Səhiyyə Nazirliyi arasında İşçi Qrup yaradıldığını bildirib.
Bəs diplomsuz fəaliyyət göstərən "həkimlərin" plastik əməliyyat etməsi insan həyatı üçün hansı təhlükələr yaradır?
Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirib ki, Azərbaycanda müxtəlif sahələrdə diplomsuz fəaliyyət göstərən şəxslər kifayət qədər çoxdur: “Təkcə tibb sahəsi deyil, digər sahələrdə də belə hallara rast gəlinir. Lakin mənim fikrimcə, məsuliyyət baxımından ən vacib sahə tibbdir. Tibb sahəsində hər şey çox ciddi şəkildə yoxlanmalı və daim nəzarət altında olmalıdır ki, insanlar həkimlərdən zərər görməsinlər. Çünki tibb, digər sahələrdən fərqli olaraq, insan həyatı ilə birbaşa bağlıdır. Bu səbəbdən də bu sahəyə yanaşma xüsusi diqqət tələb edir.
Əgər hansısa bir şəxs diplomsuz olaraq həkim fəaliyyəti ilə məşğul olursa, bu, dərhal araşdırılmalı və həmin şəxslə ciddi şəkildə məşğul olunmalıdır. Bununla yanaşı, diplomsuz birinin həkim kimi fəaliyyət göstərməsinə şərait yaradan şəxslər və qurumlar haqqında da tədbirlər görülməlidir. Məsələ burasındadır ki, bu şəxslər necə və hansı yollarla diplomu olmadan belə bir məsuliyyətli sahədə işləyə bilirlər?”.
Ekspert vətəndaşın ucuz qiymətə aldandıqlarını bildirib:
“Bir çox hallarda aylıq gəliri aşağı olan vətəndaşlar ucuz qiymətə estetik əməliyyat etmək istəyirlər və bu zaman sosial şəbəkələrdə, xüsusilə Instagram-da və müxtəlif saytlarda reklam edən “həkimlərə” müraciət edirlər. Beləliklə, diplomsuz həkimlərin sayı artır. Vətəndaşlar bu reklamlara aldanaraq həmin şəxslərə etibar edir və qiymətin ucuzluğuna görə onlara müraciət edirlər. Təəssüf ki, vətəndaşlar belə şəxslərin diplomunun olub-olmadığını soruşmur və nəticədə həmin prosedurlar pasiyentin üzərində həyata keçirilir.
Bu cür əməliyyatlardan sonra vətəndaşlar çox zaman ciddi fəsadlarla üzləşirlər. Televiziya və internetdə verilən reklamlara nəzər yetirdikdə görürük ki, bəzi şəxslər tamamilə tibbə uyğun olmayan ifadələrdən istifadə edir və insanları aldadırlar. Belə reklamlarda vətəndaşa elə təqdimat edilir ki, o, buna inanır. Lakin vətəndaş anlamalıdır ki, internet vasitəsilə özünü reklam edən “həkimlərə” etibar etmək çox risklidir. Çünki belə şəxslər insan orqanizminə ciddi ziyan vura, hətta insanın həyatını itirməsinə səbəb ola bilərlər.
Bu səbəbdən bu prosesdə maksimum ehtiyatlı olmaq vacibdir. İnsan orqanizmi ilə risk etmək olmaz. Bu cür qeyri-qanuni estetik və digər əməliyyatlar mütləq şəkildə araşdırılmalı və qarşısı alınmalıdır”.