Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəsmi mətbuat orqanı "Ülfət" qəzeti nəşrini dayandırıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, mətbu orqan noyabrın əvvəlində bağlanıb.
Həftəlik nəşr olunan qəzet 8-9 min tirajla çap edilirdi. Mətbuat orqanında 20-yə yaxın əməkdaş çalışıb.
Qəzet nəşrini dayandırdığına görə, baş redaktor Aqil Dadaşov da işdən çıxıb.
Hazırda "Ülfət"in elektron versiyası fəaliyyət göstərir.
Qeyd edək ki, adıçəkilən mətbu orqanın ilk sayı 1991-ci ilin may ayında çap olunub.
Xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 1993-2024-cü il aralığında Milli Məclisin deputatı Səttar Möhbalıyev rəhbərlik edib. Bu ilin avqustunda isə AHİK-in növbədənkənar VII qurultayında Sahib Məmmədov sözügedən posta rəhbər seçilib.