AZ

Azərbaycan səfirlərinin sadəcə ikisi QADINDIR - ARAŞDIRMA

Azərbaycanda diplomatik xidmət haqqında yeni qanun layihəsi hazırlanıb. Layihəfə diplomatların bir çox hüquqları artırılıb və bəzi məhdudiyyətlər tətbiq edilib. Qanunda diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyət istiqamətləri müəyyənləşib.

Qanun layihəsinin müzakirəsi zamanı deputat Nigar Arpadarai tərəfindən xanım diplomatların sayının az olması məsələsi qaldırılıb. 

Deputat qeyd edib ki, diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər:

"Azərbaycanda qadın səfirlərin sayı azdır. Kvota sistemi və pozitiv diskriminasiyanın tərəfdarı deyiləm. Amma müvəqqəti addımlar atmaq, imtiyazlar vermək mümkündür. Diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın qadınlarla bağlı kvota tətbiqi haqqında təklifinə müsbət yanaşmadığını söyləyib: “Kvota məsələsi gender bərabərliyi problemi olan ölkələrdə keçərli ola bilər. Azərbaycanda isə gender bərabərliyi Konstitusiyada da öz əksini tapıb”.

Modern.az mövzunun aktuallığını nəzərə alaraq hazırda fəaliyyət göstərən xanım diplomatları araşdırıb. 

Hazırda Azərbaycanın xaricdə 75 səfirliyi, 5 daimi nümayəndəliyi, 1 təmsilçiliyi var. 

Qeyd edək ki, müxtəlif ölkələrdə diplomatik korpuslarda fəaliyyət göstərən xanım diplomatlar olsa da, cəmi iki qadın səfirimiz var. 

Onlardan biri Azərbaycan Respublikasının Polşa Respublikasındakı sövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovadır. O, diplomat təyin edilənədək müxtəlif vəzifələrdə çalışıb.

Səfir N.Qurbanova, Vyana Universitetində (Avstriya) Siyasi Elmlər üzrə doktorluq dərəcəsi alıb. Akademik təcrübəsinə, həmçinin Bakı Dövlət Universitetində (Azərbaycan) Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi, Qərb Universitetində (Azərbaycan) Beynəlxalq Menecment üzrə magistr dərəcəsi daxildir. Jönköping Beynəlxalq Ticarət Məktəbində (İsveç) beynəlxalq biznes və Nitsa (Fransa) Universitetində beynəlxalq hüquq təhsili alıb.

2004-2007-ci illər arasında N.Qurbanova Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyində üçüncü katib, daha sonra ikinci katib vəzifələrində çalışıb.

2010-2013-cü illərdə N.Qurbanova Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinə təyin edilib, burada müşavir, müvəqqəti işlər vəkili və daha sonra səfir müavini vəzifələrində işləyib.

2014-2016-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf Departamentinin direktoru vəzifəsində çalışıb.

2016-cı ildən 2020-ci ilədək Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı sövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.

Dr. Nərgiz Qurbanova Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 8 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Səfir Azərbaycan Respublikasının Diplomatik Xidmətinin Yüzilliyi (1919-2019) medalı ilə yanaşı, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə və inkişafına verdiyi töhfəyə görə Bolqarıstan Respublikasının Madara Horseman (Birinci dərəcəli) ordeni ilə təltif edilib.

Səfir N.Qurbanova evlidir, bir övladı var.

Digər xanım səfirimiz isə Leyla Abdullayevadır. O, 1981-ci ildə Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.  

2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. 

Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. 

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini  vəzifəsində çalışıb.  

2008-ci ilin oktyabrında  Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi təyin olunmuşdu. 

Ailəlidir, iki övladı var. Leyla Abdullayevanın həyat yoldaşı da diplomatdır. O, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynovdur.

Qeyd edək ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində müxtəlif vəzifələrdə xanım diplomatlar çalışsa da, onların dəqiq sayı məlum deyil.

Seçilən
0
1
modern.az

10Mənbələr