AZ

“Bazar alverçiləri” vergiyə cəlb edilir: Qiymətlər artacaq?

Xəbər verdiyimiz kimi, gələn ildən bazarlarda işləyən sahibkarlardan vergi orqanında uçotda olmaları tələb ediləcək. 

Onlar yalnız bundan sonra işləyə biləcəklər. Əks təqdirdə bazar mülkiyyətçiləri və ya idarəediciləri cərimə ediləcəklər. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Bu dəyişiklik kənd təsərrüfatı məhsulları bazarlarına aid edilməyəcək.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, vergi uçotunda dayanmaq sahibkarların xərclərini müəyyən qədər artıracaq prosesdir:

“Dəyişikliyə əsasən, bazarların mülkiyyətçiləri və ya idarəediciləri üzərinə tələblər qoyulur. Onlar uçotsuz sahibkarlara şərait yaratmamalıdır. Əks təqdirdə, bazar mülkiyyətçilərinə və ya idarəedicilərinə hər bir uçotsuz sahibkar üçün maliyyə sanksiyası tətbiq olunacaq”.

İqtisadçı qeyd edib ki, bazar sahibkarlarının vergiyə cəlb olunması prosesinin mənfi tərəfi qiymət artımı məsələsidir:

“Bildirim ki, bu ilk növbədə geyim, təmizlik, tikinti materialları bazarında ciddi qiymət artımına səbəb olacaq. Vergi uçotunda olmayan "Sədərək", "Binə", "Eurohome" və sair bu kimi iri ticarət mərkəzlərində çalışanlar vergi uçotuna alınacaqlar.

Nəticədə rəsmiləşmə, bu onsuz da idxaldan asılı olan, onlayn ticarətin genişlənməsi səbəbindən zəifləyən geyim, təmizlik, hətta pərakəndə ticarət şəbəkəsində də qiymətləri artıracaq. Beləliklə, bahalaşma nəticəsində təkcə sahibkar ziyana düşməyəcək, eyni zamanda vətəndaş da alıcılıq qabiliyyətini bahalaşmaya görə bir az da itirmiş olacaq”.

Ekspert qeyd edib ki, 2024-cü ilin 10 ayı ərzində əhalinin ümumi xərclərinin təxminən 56 %-i ərzaq, içkilər və tütün məhsullarına yönəlib:

“Təxminən 20 faiz isə təhsil və səhiyyə xərclərinə yönəlib. Nəticə etibarı ilə ölkə vətəndaşları geyim, inşaat, əyləncə kimi xərcləri üçün gəlirlərindən vəsait ayıra bilmirlər. Məhz 2025-ci ildə Azərbaycan vətəndaşları yalnız ərzaq və təhsil üçün vəsaiti formalaşdıra biləcəklər”.
Seçilən
24
2
referans.az

3Mənbələr