AZ

FIBAA-nın  akkreditasiya sertifikatları UNEC-ə təqdim olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması – “İqtisadiyyat”, “Maliyyə”, “Biznesin idarə edilməsi”- FIBAA-nın (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiyasını qazanıb. Bununla bağlı keçirilən tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, FIBAA-nın icraçı direktoru Diane Freiberger, nümayəndə heyəti və universitet əməkdaşları iştirak ediblər.

UNEC-in rektoru professor Ədalət Muradov universitetin beynəlxalq akkreditasiyasının qazanmasının çox qürur verici bir hal olduğunu bildirib. Ədalət Muradov bu uğurun önəmindən danışaraq, universitet təhsilinin beynəlxalq keyfiyyət standartlarına uyğun olduğunu vurğulayıb. O, həmçinin magistratura proqramlarının 5 il müddətinə və şərtsiz akkreditasiya olunduğunu qeyd edib.

Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bu nailiyyətin təqdirəlayiq olduğunu qeyd edərək, universitet üçün beynəlxalq təcrübə qazandırdığını vurğulamışdır. Ü.Səttarova FIBAA-nın rəhbərliyi tərəfindən sertifikatın rəsmi şəkildə təqdim olunmasının UNEC-in beynəlxalq əlaqələrinin genişləndirilməsi prosesində uğurlu addım olduğunu, FIBAA-nın universiteti dəstəklədiyinin göstəricisi olduğunu xüsusi vurğulayıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu beynəlxalq akkreditasiyanın önəmindən danışaraq, UNEC-in akkreditasiya prosesində daha da inkişaf etdiyini, beynəlmiləlləşməsini vurğulayıb. T.Əhmədov Agentliklə universitetin əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

FIBAA-nın icraçı direktoru Diane Freiberger təqdimatla çıxış edərək, ENQA-nın üzvü, ali təhsilin akkreditasiyası və keyfiyyət ekspertizası üzrə beynəlxalq agentlik olan FIBAA haqqında məlumat verib.  Bildirib ki, FIBAA Almaniya, Avstriya, Hollandiya, Çin, Hindistan, Rusiya, ABŞ, İsveçrə, Rumıniya, Sloveniya və digər ölkələrdə 1900-dən çox təhsil proqramlarını akkreditasiya edib.

Sonda isə FIBAA-nın icraçı direktoru beynəlxalq sertifikatları UNEC-in rektoru professor Ədalət Muradova təqdim edib.

Seçilən
0
7
modern.az

10Mənbələr