AZ

“Sözün açığı, belə hesab gözləmirdim” – Abbas Hüseynov Qurbanovdan nə istəyəcək?

“Qarabağ” dünən “Tofiq Bəhramov”da “Sumqayıt”ı 5 cavabsız topla məğlub etdi.

Matçdan sonra “köhlən atlar”ın müdafiəçisi Abbas Hüseynovun “Football-plus.az”a müsahibə verib.

- "Sumqayıt"la oyunu necə şərh edərdin?
- Sözün açığı, belə hesab gözləmirdim. Rəqibi əks-hücumlarda yaxalamağı düşünmüşdük. Məşqçimiz də bizə pressinq üzərində tapşırıqlar vermişdi. Hər şey istədiyimiz kimi oldu. Erkən qol vuraraq. Şükür ki, qələbə qazandıq.

- Bu qələbə sayəsində təkrar zirvəyə yüksəldiz. Liderlik uğrunda mübarizədə hansı komandaları özünüzə rəqib görürsüz?
- "Sabah", "Araz-Naxçıvan" və "Turan Tovuz"u. Eyni zamanda"Araz-Naxçıvan"la oyunumuz və "Şamaxı" ilə təxirə salınmış matçımız var. Ümid edirəm ki, qələbə qazanaraq qış fasiləsinə lider kimi yollanarıq.

- Bu komandaların çempionluq yolunda sizə mane olacaqlarını düşünürsənmi?
- Hər biri çox yaxşı komandadı. Çempionatdakı ilk məğlubiyyət və heç-heçəni "Turan Tovuz"la etmişik. Eyni zamanda ötən tur "Sabah"la səfərdə heç-heçə etdik. Lakin biz təslim olacaq komanda deyilik. İnşallah, mövsümü çempion kimi başa vuracağıq.

- Ötən mövsümlə müqayisədə performansın yaxşılaşıb, artıq daha çox şans qazanırsan. Bu nə ilə bağlıdı?
- Çox ağır zədə keçirmişdim, 14 aya yaxın idi, demək olar, oynamırdım. Elə oldu ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərə bildim. Qurban Qurbanov da sağ olsun, şans verdi. Şükürlər olsun ki, oyunum alındı. Ümid edirəm ki, meydanda yerimi möhkəmləndirərəm. Daha sonra Avropadan yaxşı təklif almaq qismət olsa, orda çıxış edərəm. Lakin yenə də öncə Qurban müəllimlə məsləhətləşərəm. O icazə verərsə, niyə də yox?!

- Avropa Liqasında son iki oyununuz qalıb. Bu oyunlarda şansınızı necə dəyərləndirirsən?
- Deməzdim ki, ötən mövsümə nisbətən zəifləmişik. İnşallah, son iki oyunda istəyimizə nail olarıq. Hər ikisindən də qələbə ilə ayrılacağımıza inanıram.

- Bəs rəqiblər Avropada “Qarabağ”ı əvvəllər necə görürdü, indi necəgörür?
- Demək olar ki, hər biri bizdən çəkinir, ehtiyatlanır, bizi özlərindən zəif görmürlər. "Lion"un baş məşqçisi belə öz futbolçularına bizə qarşı ehtiyatlı olmağı tapşırmışdı. Mən özümüzü zəif görmürəm. Sadəcə, bizdə qol vurmaq alınmır. Avropada oynadığımız komandalarla çempionatımızdakılar tam fərqlidi. Düzdü, heç kimi aşağılamaq istəmərəm, bu mənim xarakterimə yaraşmaz. Lakin fərq çox böyükdü. Biz də istər-istəməz öz çempionatımızın tempinə öyrəşirik. Bu da Avropaya çıxanda bizə çətinlik yaradır.

- Avropa arenasında "Qarabağ"ın səviyyəsini daha da gücləndirmək üçün hansı istiqamətlərdə işləmək lazımdı?
- Düşünürəm ki, 2-3 qat daha artıq çalışmaq lazımdı. Çünki onların oynadığı futbol daha templidi, daha səviyyəlidi. Həmin tempə dözmək üçün isə daha çox çalışmaq lazımdı. Biz də məşqlərdə əlimizdən gələni edirik ki, Avropada yaxşı vuruşaq.

RÖYANƏ OĞUZ

phrase_var_article.chosen
25
football-plus.az

1phrase_var_article.sources