AZ

İrandan absurd iddia- Rəisinin ölümündə Azərbaycanın da əli var...

Image

Ceyhun Məmmədov: “Ermənistan mediasının əsas hədəflərindən, məqsədlərindən biri Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi və pozulmasına nail olmaqdır”

Ermənistan mediası Azərbaycana qarşı ənənəvi qərəzindən və düşmənçiliyindən heç cür əl çəkmək istəmir. Ölkəmizi daim əsassız olaraq qaralayan erməni mətbuatı indi də növbəti absurd iddia ilə çıxış edib. Erməni mediasının iddiasına görə, İran parlamentinin deputatı, İran İslam Şurasının üzvü Kamran Qəzənfəri aftabnews saytına deyib ki, 

İranın mərhum prezidenti İbrahim Rəisi guya Amerika, İsrail və Azərbaycanın “əməkdaşlığı nəticəsində həlak olub”. 

Qəzənfəri əlavə edib ki, bu barədə danışmaq yersiz hesab olunur.

Əlbəttə, Qəzənfərinin belə bir əsassız iddia ilə çıxış edib-etmədiyini bilmirik. Amma erməni mediasında gedən bu cəfəngiyatın Ermənistanın növbəti uydurması olduğu da istisana deyil. İranlı deputatın iddiasına gəlincə, o özü də bilir ki, bu absurddur və Rəsinin necə həlak olduğu, onun ölümündə kimlərin əli olduğunu İran dövləti çox yaxşı bilir. Yəni bu onların öz daxilində bilinən məsələdir. Buna baxmayaraq, Azərbaycanın ittiham edilməsi qəbuledilməzdir. 

“Hesab edirəm ki, Azərbaycanla yanaşı İran tərəfi də bu məsələyə öz reaksiyasını verməlidir”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə “Təəssüflə qeyd etmək lazımdır ki, biz ilk dəfə deyil, dəfələrlə Ermənistanın bu cür təxribatları ilə üz-üzə qalmışıq. Davamlı olaraq Ermənistan tərəfi müxtəlif dezinformasiyalar yayır və cəmiyyətdə çaşqınlıq yaratmağa çalışır. Ermənistan mediasının əsas hədəflərindən, məqsədlərindən biri isə Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi və pozulmasına nail olmaqdır. Yəni uzun illərdir, Ermənistan buna nail olmaq üçün müxtəlif təxribatlardan, dezinformasiyalardan məqsədli şəkildə istifadə edir. Təəssüflə qeyd etmək lazımdır ki, bəzən bu iddialar bir sıra digər dairələr tərəfindən də səsləndirilir. Hesab edirəm ki, Azərbaycanla yanaşı İran tərəfi də bu məsələyə öz reaksiyasını verməlidir” - deyə bildirdi. 

İranla Azərbaycanın tarixi qonşular olduğunu deyən C.Məmmədov qeyd etdi ki, bizim münasibətlər uzun müddət gərgin olduqdan sonra yeni bir mərhələyə daxil olub. “Hazırkı mərhələdə biz imkan verməməliyik ki, kimlərsə bu münasibətlərə xələl gətirsin və ya kimlərsə bu istiqamətdə hansısa bəyanatlar səsləndirsin. Əgər dezinformasiyalar yayılırsa, o anlamda hesab edirəm ki, biz də bu kimi məlumatların yayılmasında diqqətli olmalıyıq. Bax, bu kimi məlumatlar bəzən İran daxilində də yayılır. Ermənistan mediası da bundan istifadə edir. Hesab edirəm ki, bu mənada Azərbaycan və İranın dezinformasiyalara qarşı birgə mübarizə aparması önəmlidir. Bu, ümumi qeyd etdiyimiz kimi, qarşımıza qoyduğumuz məqsədlərə çatmaq baxımından da vacibdir. Münasibətlər qorunmalıdır, Ermənistan tərəfi də bu cür təxribatlara son qoymalıdır və anlamalıdır ki, Azərbaycanla İran arasındakı münasibətlərə xələl gətirə bilməyəcək” - deyə C.Məmmədov qeyd etdi. 

İradə SARIYEVA





Seçilən
11
1
baki-xeber.com

2Mənbələr