AZ

Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək

Dekabrın 17-də ölkəmizin ev sahibliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının virtual formatda 7-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Unikal"a bildirilib ki, Nazirlər Şurasının iclasında 27 üzv ölkədən nazirlər, dövlət nazirləri, nazir müavinləri, habelə nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər. Tədbirə, həmçinin 3 müşahidəçi dövlət və 8 tərəfdaş beynəlxalq təşkilatın rəhbərləri qatılıb.

Nazirlər Şurasının 7-ci iclasında Müşavirəyə 2024-2026-cı illər üzrə Sədrlik Qazaxıstandan Azərbaycana keçib.

İclasda çıxış edən nazir Ceyhun Bayramov 2024-2026-cı illər üzrə AQEM-də Sədrliyi Azərbaycana həvalə etməklə ölkəmizə göstərilən etimada görə bütün üzv dövlətlərə təşəkkürünü bildirib.

Nazir, həmçinin çoxqütblülüyün gücləndiyi və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir dövrdə Asiya qitəsinin həmin çağırışlara birlik və əməkdaşlıq şəraitində, eyni zamanda, ortaq məsuliyyət prinsipi əsasında cavab verməli olduğunu, AQEM-in bu əməkdaşlığı daha da inkişaf etdirərək çağırışları dəf etmək üçün unikal bir platforma olduğunu diqqətə çatdırıb.

Azərbaycanın AQEM-ə Sədrliyinin “Daha güclü AQEM – Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna həsr olunduğu və AQEM-in transformasiyası və institusional inkişafı, etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlığın gücləndirilməsi və AQEM-in digər beynəlxalq və regional təşkilatlarla birgə fəaliyyətinin təşviqi istiqamətlərinin 3 əsas prioritet olaraq irəlilədiləcəyi qeyd edilib.

C.Bayramov, həmçinin Azərbaycan tərəfindən 2025-ci il üçün AQEM-in 5 ölçüsü üzrə 20-dən çox tədbirin təşkilinin planlaşdırıldığını vurğulayıb. Bu xüsusda, nəqliyyat dəhlizləri, kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, kibertəhlükəsizlik, ətraf mühit, gənclər, turizm, mədəni irsin mühafizəsi, humanitar minatəmizləmə, elm və təhsil kimi sahələrə xüsusi diqqət ayrılacağı bildirilib.

Azərbaycanın AQEM-ə sədrliyinin Müşavirənin beynəlxalq aktivliyinin artırılmasına və digər beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə xüsusi diqqət ayırdığı qeyd olunub.

AQEM-in Baş katibi Kayrat Sarıbay tərəfindən Müşavirənin 2020-2024-cü illər ərzində - Qazaxıstan Sədrliyi dövründəki fəaliyyəti barədə hesabat verilib.

İclasın yekununda “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə”nin 25 illiyi ilə bağlı Nazirlər Şurasının Bəyanatı, Etimad quruculuğu tədbirlərinin icrasının modallıqlarına dair Nazirlər Şurasının qərarı, Etimad quruculuğu tədbirlərin kataloqunun yenilənmiş versiyası və AQEM üzv dövlətlərinin Aparıcı Universitetlərinin Tərəfdaşlıq Şəbəkəsinin təsis edilməsinə dair Memorandum layihələri qəbul edilib.

Seçilən
52
50
unikal.az

10Mənbələr