Dekabrın 16-da Birləşmiş Millətlər Təşkilatının Əhali fondunun (UNFPA) “Qadınlar diqqət mərkəzində” layihəsi çərçivəsində İnstitut tərəfindən təşkil olunan növbəti kaskad təlim Gəncə şəhərində keçirilib. Təlimin təşkilində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən texniki dəstək göstərilib.
QHT.az xəbər verir ki, “Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə” mövzusunda keçirilən təlimdə gender stereotiplərinə və ayrı-seçkiliyə qarşı mübarizə istiqamətində qadınların şəxsi bacarıqlarını inkişaf etdirməsi, peşəkar karyera qurması, öz həyatlarına dair qərar qəbul etməsi kimi məsələlərə toxunulub. Təlimdə məişət zorakılığının qarşısının alınması, onunla mübarizə və gender bərabərliyi standartlarının təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə əldə edilmiş təcrübələrdən öyrənilmiş bilik və bacarıqların nəticələrinin paylaşılmasının, yayılmasının və genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Təlimdən Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, Daxili İşlər Nazirliyinin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, eləcə də təhsil müəssisələrindən mütəxəssislər daxil olmaqla 20 iştirakçı yararlanıb.