AZ

“Müəllimlərə şokolad” trendinin arxasında nələri axtardıq?- Əslində, necə olmalı idi?

Əvvəlcə trend haqqında 
 
Bir neçə gün, daha doğrusu,  az qala, bir neçə həftədir ki, sosial şəbəkələrdə yayılan eyni mövzulu, eyni formatlı videoları–şagird-tələbələrin müəllimlərinə maraqlı tərzdə şokolad hədiyyə etmələrini yəqin ki, hamımız izləmişik. Artıq ikinci həftədir ki, əsas təhsil trendinə çevrilmiş bu tipli videolarla bağlı fikirlər əvvəlinci gündən ta bu ana qədər heç də birmənalı olmadı. Şagirdlər tərəfindən müəllimin fikrinin yayındırılaraq əlinə şokoladların qoyulması “olay”ı müxtəlif aspektdən dəyərləndirildi. İş o yerə çatdı ki, məsələyə “məktəb daxilində korrupsiya, rüşvət” mexanizmi kimi də yanaşanlar oldu. Amma nə bu trendin, nə də onunla bağlı yanaşmaların bu qədər şişirdilməsinə, ona lazımından artıq yer ayrılmasına,  xüsusi diqqət və maraq obyektinə çevrilməsinə qəti ehtiyac yox idi... 
 
...Proses ümumilikdə təhsil faktı da hesab olunmamalı, sadəcə, eyni mühit daxilindəki insanların bir-birinə olan rəğbətinin təsviri kimi dəyərləndirilməli idi. Vəssalam!  Amma trendin öz missiya, məzmun  sərhədlərindən nisbətən kənara çıxması, onunla bağlı fərqli yanaşmalara da səbəb oldu. Hər bir halda, şagirdlərin müəlliminə maraqlı formada şokolad, şirniyyat hədiyyə edərək, bunu videoya çəkməsi prosesinə qətiyyən rüşvət prizmasından qiymət vermək olmaz! Bu, ən azından etik norma hesab edilməz. Çünki izlənilən video materialların demək olar ki, hamısında bu təşəbbüsün məhz şagird-tələbələr tərəfindən gəldiyini, müəllimin situasiyadan xəbərsizliyi açıq-aşkar hiss olunur...
 
Bir-iki mənfi məqam...
 
Dünyanın bir çox ölkələrində məktəb,  universitet, ümumiyyətlə, istənilən tədris müəssisəsi daxilində hazırlanmış minlərlə videolar, oyunlar, əyləncə və istirahət məqsədli səhnəciklərin sonradan trendə çevrildiyini və dünyanın müxtəlif ölkələrində izlənildiyini görmüşük. Bizim məktəblərdə də şagirdlərin qoşulduğu bu trend əslində xaricdən  keçən  əyləncəli motivdir. Amma əsaslı fərq nədir?-  Məktəb mühiti, dərs prosesi ilə əlaqəli olan bir göstərici (məsələn, bizlərdə şokolad hədiyyəsi) heç vaxt təhsilin üzərinə qalxmamalı, onu ikinci plana salaraq əsas müzakirə predmeti,  diqqət-maraq obyekti olmamalıdır. Əksinə, həmin göstəri təhsil, tədris prosesi üçün vacib bir element, xüsusi bir  naxış rolunu oynamalı, öz təsir şəbəkəsini genişləndirdikcə bunu təhsil-tədris adına da xərcləməlidir. Dünya məktəblərində (həmçinin, universitetlərində) hətta bağçalarında belə bu kimi göstərilərin əsas funksiyası tədris prosesinə maraq və sevgini artıran element rolunu oynamaqdır. Bu səbəbdən trendə çevrilmiş göstərilər həm də təbliğat videoları kimi yüksək faydalılığı ilə də fərqlənmişlər.
 
Bizdə isə şagird-tələbə məramının nə qədər xoş olmasından asılı olmayaraq prosesin tədris elementi deyil, onu kölgədə qoyan mexanizmə çevrilməsi arzuolunmaz hal kimi dəyərləndirilməlidir.
 
İkinci mənfi hal, məsələnin ifrata varılmasıdır. Trendə çevrilən hər hansı olay əslində piar texnologiyası ilə idarə edilməli və o yayım, təbliğat hadisəsi qabaqcadan müəyyən edilmiş zaman və kəmiyyət göstəriciləri ilə idarə edilməlidir. Burada isə təəssüf ki, ifrata varılma faktoru prosesin təbiilik və səmimiyyətini də kölgədə qoymuş oldu... İnanırıq ki, təhsillə, təhsil müəssisəsi ilə əlaqəli yaranacaq başqa trendlərin sağlam iş funksionallığını artırmaq üçün zəruri addımlar atılacaqdır.
Məktəblə bağlı trendə çevrilən videolar necə olmalı?
 
Bununla bağlı dünya təcrübəsindən bir neçə maraqlı nümunələri qeyd etmək olar. Amma trendə çevrilən videoların bir missiyası da onların təhsildə müsbət motivasiya, ab-hava yaratmaqla yanaşı, həm də sonrakı prosesə əməli surətdə, praktiki şəkildə töhfə verməsidir. “Müəllimə şokolad hədiyyəsi”ndə müsbət emosiya və ab-hava var. Bəzilərində bu ifrat süniliklə müşahidə olunsa da, ümumilikdə xoş məramdan doğan motivasiyalılığın olduğunu deyə bilərik. Amma təhsillə əlaqəli trendlərin funksionallığı təkcə bununla bitmir. Bu tipli “roliklər”, videoya köçürülən rol oyunları tədris prosesinin sonrakı müsbət inkişaf dinamikasına da təsir gücünü saxlamalıdır. Burada təkcə duyğusal deyil, eyni zamanda, pedaqoji, intellektual meyar da öz əksini tapmalıdır. Sözün qısası, burada, formatla bərabər, pedaqoji dəyərə xidmət edən məzmun da ciddi mövqe sahibi olmalıdır. Dünya məktəblərində yaranmış maraqlı trend videoların məznunu əsasən aşağıdakı metodlardan ibarət olur:
 
-Əyləncəli və interaktiv elmi təcrübələrin əks olunduğu trend videolar;
-Şagird-tələbələrin mühəndislik bacarıqlarını və innovativ yanaşmalarını əks etdirən trend videolar;
-Şagird-tələbələri tənqidi və yaradıcı düşünməyə təşviq edən rol oyunlarının əks olunduğu populyar videolar; 
-Kimya və fizikaya aid olan təcrübələri – kimyəvi reaksiya, prinsiplərin həllini əks etdirən videolar; (bu videolar həm də mütləq əyləndirici xüsusiyyətinə görə də fərqlənməlidir)
-Zehni-psixoloji  sağlamlığa xidmət edən, sosial emosional öyrənməyə təşviq edən videolar; (Bu videolar  daha çox müxtəlif  hekayə, animasiyalar, bədii  vasitələrlə təsvirlər əsasında hazırlanır və şagird-tələbələrə öz  yaşantılarını daha təbii anlamağa, empatiya qurmağa yardımçı olur.)
-Əhəmiyyətli tarixi hadisələri və ya mədəni təcrübələri əhatə edən, yalnız məktəb kollektivi sayəsində ərsəyə gələn qısa videolar.  Bu kimi videolar şagirdlərə tarixlə bağlı bilgiləri daha təbii, əyləncəli şəkildə, vizual effektlərlə təlqin etmək gücündədir. Bu tip videoların trendə çevrilməsinin də əsas səbəblərindən biri məhz budur.  
Nümunələrdən də göründüyü kimi, dünya məktəblərində trendə çevrilən populyar videoların məzmunu və mövzunu artıq tam fərqlidir. Artıq sinif otağına müəllimlə yumruq salamlaşması edərək daxil olma, müəllimə “gözlərinizi yumub əlinizi aça bilərsizmi?” deyəndən sonra ovcuna şokolad yerləşdirmə kimi məsələlər tamamilə köhnə yanaşmalardır. Əsl təhsil trendlərini yaratmaq istəyiriksə, o zaman yuxarıda sadalanan məzmunlardan hər hansı birini sınaya bilərik.
Şagirdlərə, müəllimlərə, elə hər birimizə də bu kimi işlərdə uğurlar.
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı 
 
Seçilən
15
moderator.az

1Mənbələr