“Cənubi Qafqaz regionunda gedən proseslər göstərir ki, Yaxın Şərqdə müşahidə etdiyimiz hərbi eskalasiya buradakı geosiyasi duruma da əhəmiyyətli təsir edə bilər. Təbii ki, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra bu ölkədə yeni hakimiyyətin faktiki bərqərar olmasından əsas faydalananlar Türkiyə, ABŞ və İsrail oldu”.
Bu fikirlər “Sputnik Armenia” portalında yer alıb.
Portal xatırladır ki, ABŞ Suriyanın bütün neft bölgələrinə nəzarət edir: “İsrail Colan təpələrində silahsızlaşdırılmış bufer zonasını işğal edib və Suriya ərazisinin dərinliklərinə doğru irəliləyib. Amma indi ən sərfəli mövqe “Böyük Turan” doktrinasının əsas icraçılarından olan Suriyanın əsas şəhərlərinə nəzarət edən Türkiyəyə məxsusdur. Əksər analitiklər Suriyadan sonra Türkiyənin nəzərini əsasən Cənubi Qafqaza, daha doğrusu Ermənistana çevirəcəyini vurğulayırlar. Çünki Ermənistan “Böyük Turan” layihəsinin həyata keçirilməsinə maneə yaradır”. O da qeyd edilir ki, sözügedən konsepsiyanın reallaşmasında Azərbaycan da həlledici rol oynayır. Bu fonda erməniləri ciddi narahat edən məqamlardan biri də məhz Qərbi Azərbaycan faktorudur. Məsələ ilə bağlı “Sputnik Armenia” yazır: “Qərbi Azərbaycan faktoru Ermənistanın darmadağın edilməsi ilə nəticələnə bilər. Bu konsepsiyaya görə, türkdilli köçəri tayfalar tarixən müasir Ermənistan ərazisində yaşayblar. Onların yaşadıqları ərazilər, türk siyasi strateqlərinin fikrincə, Qərbi Azərbaycandan başqa bir şey deyil... Bizim dost olmayan Xəzər qonşumuz Qərbi Azərbaycan məsələsinə xüsusi diqqət edir. Azərbaycanda, demək olar ki, daimi əsasda və dövlət qurumlarının bilavasitə dəstəyi ilə hər gün Qərbi Azərbaycan mövzusunda konfranslar, forumlar keçirilir, eyniadlı telekanal yaradılıb. Bu ölkənin parlamenti hətta Qərbi azərbaycanlıların Ermənistan ərazisinə köçürülməsi məsələsi ilə məşğul olan müəyyən orqan da formalaşdırıb”. Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin İzmir şəhərində Qərbi Azərbaycan İcmasının Türkiyə ofisinin açılış mərasimi olub. Açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçisi Asif Qurban bu ofisin icmanın Azərbaycandan kənarda açılan ilk ofislərindən olduğunu bildirib və Türkiyədə sayı təxminən 1,5 milyon nəfər olan Qərbi Azərbaycan əsilli şəxsləri ətrafında birləşdirmək, qərbi azərbaycanlıların tarixi vətənlərinə qanunauyğun qayıdış hüququnu təşviq etmək məqsədi daşıdığını qeyd edib. Nümayəndəliyin fəaliyyət istiqamətləri arasında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq, ardıcıl şəkildə Qərbi Azərbaycandan deportasiya olunan 300 mindən çox soydaşımızın beynəlxalq səviyyədə haqq və hüquqlarının bərpa olunması istiqamətində beynəlxalq təşkilatlarla işi gücləndirmək kimi məsələlər yer alır. Bütün bunlar ermənilərin narahatlığını daha da artırır. Burda hesab edilir ki, Qərbi Azərbaycan məsələsində Bakı və Ankara birlikdə hərəkət edir.
“Sputnik Armenia” yazır ki, Ermənistan baş verənlərdən ciddi narahat ola bilər. Məsələyə münasibət bildirən erməni ekspert Şiraz Xaçatryan Azərbaycan və Türkiyənin birlikdə çox uğurla fəaliyyət göstərdiyini bildirir: “Təbii ki, Suriyada baş verən hadisələr fonunda İsrail və Türkiyənin uğurları bölgəmizə doğru hərəkət edəcək. Türkiyə, İsrail və onların müttəfiqləri - yəni Azərbaycan - ətrafımızda cərəyan edən regional proseslərdə daha inamlı mövqedən çıxış edəcək”. O bildirib ki, Rusiya və İranın Suriyada faktiki məğlubiyyəti fonunda, xüsusilə Türkiyənin təsir imkanlarının son dərəcə genişlənməsi regional tənzimləmədə əhəmiyyətli dəyişiklik deməkdir: “Hazırda regionumuzda daha aktiv addımlar atmaq, böyük oyunçularla yeni sövdələşmələr aparmaq üçün Türkiyənin əla fürsəti yaranıb. Deməli, Suriyada hərbi və siyasi baxımdan yekun nizamlanmadan sonra bölgəmizdə maraqlı inkişaflar başlaya bilər”. Onun sözlərinə görə, Suriyada müxalifətin hakimiyyətə gəlməsi ilə İran “Hizbullah”a çatmaq üçün əsas quru yolunu, eyni zamanda, bu ölkədə İsraillə döyüşmək imkanı olan proksilərini itirdi: “Bundan əlavə, İranın Aralıq dənizinə çıxışı daha da çətinləşdi və məhdudlaşdı. Deməli, Əsədin gedişi vəziyyəti kökündən dəyişir və İranın bölgədəki mövqeyi zəifləyir, o özünün proksi qüvvələri ilə əlaqədən və kommunikasiyalara nəzarətdən məhrum olur. Hazırda görünən odur ki, ABŞ və kollektiv Qərb müttəfiqləri Türkiyə və İsrailin timsalında Suriyada ciddi uğurlar qazanıb, orada Rusiya və İranın mövqelərini zəiflədiblər. Xüsusilə də Türkiyənin Yaxın Şərqdə uğurları bölgəmizdə davam edəcək. Necə, hansı alətlərlə və hansı məsələlər çərçivəsində? Aydındır ki, Türkiyə üçün ilk və əvəzolunmaz layihələrdən biri Zəngəzur dəhlizidir. Türkiyə də dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı problem Ermənistanda deyil, İrandadır. Və hadisələrin necə inkişaf edəcəyi, Suriyadan sonra Yaxın Şərqdə hansı hərbi-siyasi vəziyyətin yarana biləcəyi, İranın ətrafındakı halqanın necə daralacağı və İranın bu çağırışlara necə reaksiya verəcəyi məsələsi var”. O, təəssüflə qeyd edib ki, artıq İran ətrafında dairə daralır. Bu isə Ermənistana da öz təsirini göstərir.
Samirə SƏFƏROVA