Bu gün Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının tərəfindən 2022-2024-cü illərdə qının laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara tibbi yardımın kompleks yanaşmasına dair hesabat konfransı keçirilib.
Konfransda "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə çıxış edib. O, Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının fəaliyyətinin uğurlarından, davamlılığından və gələcək perspektivlərindən bəhs edib.
Cəsarət Hüsəynzadə çıxışında bildirib:
"Assosiasiya dövlət qurumları ilə ən yaxşı formatda əməkdaşlıq edən bir ictimai birlik olaraq fəaliyyət göstərir. Bu əməkdaşlıq sayəsində Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və QHT-lərə Dəstək Agentliyi ilə sıx əlaqə imkanları yaranmışdır. Bu imkanlar yalnız layihələr çərçivəsində deyil, müxtəlif formatlarda reallaşdırılır."
Təşkilatın şəffaflıq və hesabatlılıq prinsiplərinə özəl diqqət yetirdiyini vurğulayan C. Hüseynzadə əlavə edib ki, il ərzində ən azı iki dəfə hesabat konfransları keçirilir. Bu, ictimai etimadın gücünlənməsinə və benefisiarların təşkilata olan inamının artmasına səbəb olur. Cəsarət Hüseynzadə pandemiya dövründə təşkilatın fəaliyyətlərini xüsusi vurğulayaraq regionlara dərmanların çatdırılması, fövqəladə vəziyyətlərdə benefisiarların yanında olmağı və bu sahədə göstərilən dəstəyin ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Təşkilat həkimlərin təkmilləşdirilməsi, xaricdə təcrübə keçmələri və pasiyentlər üçün maarifləndirici tədbirlərin təşkili sahəsində də önəmli rol oynayıb.
O, yay məktəblərinin təşkilinə toxunaraq bu tədbirlərin həm əyləncəli, həm də maarifləndirici olduğunu qeyd edib:
"Yay məktəblərində valideynlər və uşaqlar üçün dərmanların düzgün qəbul edilməsi ilə bağlı maarifləndirici fəaliyyətlər keçirilir. Bu, təlim formatından daha effektiv nəticələr verir."
C.Hüseynzadə tədbirlərin təşkilində təşkilatın könüllülərinin fəaliyyətini xüsusi olaraq vurğulayıb:
"Hər tədbirdə könüllülərin təşkilatın fəaliyyətlərinə aktiv dəstək verməsi və prosesləri peşəkar şəkildə koordinasiya etməsi təşkilatın nüfuzunu daha da artırır."
Media strategiyasının önəmini qeyd edən sədr vurğulayıb:
"Təşkilat ictimaiyyət qarşısına yalnız sədrin şəxsi profili ilə deyil, rəsmi hesablar vasitəsilə çıxır. Bu, peşəkarlığın göstəricisidir və digər təşkilatlar üçün nümunə ola bilər."
Sonda Cəsarət Hüseynzadə təşkilatın uğurlarını vurğulayaraq digər QHT-ləri bu nümunədən yararlanmağa çağırıb. O, təşkilatın gələcəkdə daha böyük uğurlar qazanacağına və Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Pərvanə Fərhadqızı