AZ

'Sahibkarlığın vəziyyəti qeyri-aktiv kommersiya qurumlarının sayından bilinir... 65 min'

Azərbaycanda 65 mindən çox kommersiya qurumunun vəziyyəti qeyri-aktivdir. Dövlət Vergilər Xidmətinin məlumatına görə, dekabrın 1-nə 188 min 877 kommersiya qurumu qeydiyyatda olub. 123 min 682 kommersiya qurumunun vəziyyəti aktiv, 65 min 195-nin isə qeyri-aktiv olub.

Bakıda yaşayan Elman Səmədov (ad şərtidir) AzadlıqRadiosuna bildirib ki, ötən il uşaq oyuncaqları mağazası açıb: "Sənədləşdirmədə heç bir problem yaşamadım, sevinirdim ki, rahat işim gedəcək. Amma bir tərəfdən vergilərin yüksək olması, başqa tərəfdən alıcıların az olması ucbatından mağazanı bağlamağa məcbur qaldım. Bir işçim var idi. Sadələşdirilmiş vergi ödəyirdim. 5 faiz olanda yaxşı idi, (bu ilin əvvəlində) 20 faizə qalxandan sonra heç sərf etmədi. Hələ icarədən vergi ödəməli idim".

Onun sözlərinə görə, güzəştli kredit üçün müraciət etsə də, imtina cavabı alıb: "Ona görə də, hələlik, mağazanı bağladım".

Dövlət Vergi Xidmətindən "Turan"a bildirilib ki, bu ilin 11 ayı ərzində 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10.9 faiz artıb: "Hazırda özəl sektorun ümumi daxili məhsuldakı (ÜDM) payı 87 faizə yüksəlib, məşğulluqdakı payı isə 78 faizdən çoxdur".

Vurğulanıb ki, bürokratik müdaxilələrin qarşısının alınması üçün, bir sıra hallar istisna olunmaqla, yoxlamalar 2015-ci ildən 2025-ci il yanvarın 1-nə qədər dayandırılıb: "İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50 faizindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika... üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azaddırlar ".

Xidmətin məlumatına görə, 2004-2023-cü illərdə 28 min 308 sahibkara 3.01 milyard manat məbləğində güzəştli kredit verilib: "Layihələrin sayı 45 min 669, yeni iş yerlərinin sayı isə 176 min 213 olub".

Məsələni AzadlıqRadiosuna şərh edən iqtisadçı Zöhrab İsmayıl deyir ki, Azərbaycanda sahibkarlığın vəziyyəti qeyri-aktiv kommersiya qurumlarının sayından bilinir: "10 milyonluq ölkədə 188 min sahibkar var, onun da təxminən 65 mini qeyri-aktivdir. Burada görünür ki, Azərbaycanda sahibkarlıq üçün bir şərait yoxdur, insanlar da sahibkarlıqla məşğul ola bilmirlər".

Ekspertin fikrincə, bunun səbəbləri çoxdur: "Birincisi, ölkədə dövlət monopoliyası var və iqtisadiyyatın əsas sektorları dövlət şirkətlərinin nəzarətindədir... İstər xarici ticarət fəaliyyəti olsun, istər daxildə biznes, sahibkarlıqla sərbəst şəkildə məşğul olmaq üçün şərait yoxdur".

Onun sözlərinə görə, dövlət satınalmaları azad və şəffaf şəkildə keçirilmir: "Və nəhayət, qanun aliliyi də olduqca zəifdir... Kommersiya qurumları açılır, sonra da bu şəraitdə fəaliyyət göstərə bilmədiyi üçün aktiv fəaliyyətini dayandırır".

Seçilən
30
1
turan.az

2Mənbələr