AZ

Azərbaycan QHT-ləri UNESCO Baş direktorunu Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun Baş direktoru Odri Azuleyə Açıq Məktub ünvanlayıb.

 

QHT.az APA-a istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Biz sizə Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədli şəkildə məhv etməsindən dərin narahatlığımızı ifadə etmək və bununla bağlı əməli addımların atılmasına çağırış etmək məqsədilə müraciət edirik. Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənimsənilib. Məsələn, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə bir neçə mərhələdə məhv edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində yerləşən 300-dən artıq digər dini və mədəni abidələri eyni aqibətlə üzləşib.

 

Bundan əlavə, Ermənistan ərazisində Aşağı Şorca, Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan qəbiristanlığı təhqir edilərək dağıdılıb”. Azərbaycan QHT-ləri bunu qəbuledilməz sayıb, o da vurğulanıb Aşıq Ələsgərin məzarı da bu cür münasibətlə üzləşib.

 

Qeyd olunub ki, bu geniş miqyaslı kampaniya yalnız fiziki dağıntılarla məhdudlaşmayaraq, Azərbaycan kəndlərinin tarixi adlarının da tamamilə dəyişdirilməsi və erməni adları ilə əvəzlənməsi ilə müşayiət edilib: “Ermənistan ərazisində qalan yeganə məscid - İrəvandakı Göy Məscid saxtalaşdırılaraq “fars məscidi” kimi təqdim edilir”.

Məktubda xüsusi qeyd edilir ki, İrəvanda yerləşən və Azərbaycanın tarixi şəhərinin yeganə qalıqları olan Təpəbaşı məhəlləsi tamamilə məhv təhlükəsi ilə üz-üzədir, bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, UNESCO praktiki addımlar atmayıb: “UNESCO-nun məsələyə təcili müdaxiləsi zəruridir. Təşkilatın üzv dövlətlərindən biri tərəfindən mədəni mülkiyyətin məqsədyönlü şəkildə məhvinə və Azərbaycanın mədəni irsinin, tarixi köklərinin inkar edilməsinə qarşı UNESCO prinsipial və ardıcıl mövqe nümayiş etdirməlidir. Biz – Azərbaycanın QHT nümayəndələri UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərməsini, Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətini monitorinq etməsini və sənədləşdirməsini, Ermənistandan UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq konvensiyalar çərçivəsində mədəni irsin qorunması üzrə öhdəliklərinə əməl etməsinin tələb olunmasını bir daha xahiş edirik”.

 

Açıq Məktubu “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Qərbi Azərbaycan İcması, “Miras” Mədəni İrsin Təbliği İctimai Birliyi, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyi, “Zəngəzur” Cəmiyyətləri, Beynəlxalq Avrasiya Mətbuat Fondu, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqları Cəmiyyəti, Azərbaycan Milli İnsan Hüquqları Cəmiyyəti, “Hüquqların və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi, “Obyektiv” Milli Dəyərlərin Təbliği İctimai Birliyi, “Prioritet” Sosial İqtisadi Tədqiqatlar Mərkəzi, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, “ICOMOS Azərbaycan” İctimai Birliyi, Cəfər Cabbarlı Mədəniyyət, Elm və Təhsilin İnkişafı İctimai Birliyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi, Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası, “Əbədi Turan” Kitab Fondu, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”, Mirzə Ələkbər Sabir Fondu, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyi, “İz” Mədəni İnkişaf və Dəstək İctimai Birliyi və Müvəkkil Hüquq Mərkəzi imzalayıb.

 

Hələlik UNESCO Açıq Məktuba heç bir cavab verməyib.

Seçilən
9
27
qht.az

10Mənbələr