Özbəkistanın Daşkənd vilayətində özəl zooparkda üç şir mühafizəçini parçalayıb.
Bu barədə vilayət polis idarəsinin Mətbuat Xidməti məlumat yayıb.
"Bu gün, dekabrın 17-də Daşkənd vilayətinin Parkent rayonunda yerləşən "Lion Park" özəl zooparkında bir qəfəsdə saxlanılan üç şir qəfəsdən qaçıb. Şirlər orada gözətçi işləyən vətəndaşa hücum edib və ona xəsarət yetiriblər. Təəssüf ki, 44 yaşlı vətəndaş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib", - məlumatda bildirilir.
Qeyd olunur ki, hadisə nəticəsində başqa heç kim xəsarət almayıb; yırtıcılar xüsusi qəfəsə qaytarılıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerində əməliyyat-istintaq tədbirləri həyata keçirirlər.
Mənbə: oxu.az