ABŞ neçə gündür xəbərdarlıq edirdi ki, Rusiya yenidən Ukraynaya “Oreşnik” ata bilər, indi bunun üçün bəhanə verilib-ortada general- leytenantın cəsədi var...
Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun sui-qəsd nəticəsində öldürülməsi Ukrayna müharibəsi başlayandan bəri ilk bu səviyyədə qətldir. Müharibədə generallar ölüb, amma Kirillov savaş meydanından uzaq, necə deyərlər, kabinet generalı idi. Buna baxmayaraq, son illər Müdafiə Nazirliyi generalları sırasında ortada ən çox görünənlərdən biri idi. Adamın rəhbərlik etdiyi sahə bu gün dünyada ordu strukturlarında ən vaciblərdən biridir. Məsələn, əgər Rusiyaya atom bombası(kimyəvi və s) atılsa, əhalinin təhlükəsizliyi məhz həm də onun dünənədək rəhbərlik etdiyi qoşunların məsuliyyət sahəsidir. 2017-ci ildən rəhbərlik etdiyi qoşunların sayı, dislokasiya yerləri, ümumiyyətlə geniş fəaliyyəti haqda məlumatlar məxfidir. Eləcə də generalın ailəsi haqda açıq mənbələrdə heç bir məlumat yoxdur. Belə yerdə azərbaycanlılar adətən, “yetimin biri idi” deyir. Belə anlaşılır ki, ailəsi ya yoxmuş, ya təhlükə səbəbindən bunu indi gizlətmək ağıllarına gəlib.
General ona qarşı “ov” başladığı haqda yaxın dostu olan qubernatorlardan birini xəbərdar edibmiş. Buna baxmayaraq, generalın xüsusi mühafizəçisi olmayıb. Görünür ki, onun yaşadığı yeri, iş qrafini öyrəndikdən sonra generalın hazır “yem olduğu” bəlli olub. Qalıb bomba yüklü skuteri binanın qarşısına gətirmək və generalın işə getməsini gözləmək...
Putinin baş verənlərə reaksiyasının ləngiməsi, Kremlin saytında bu saatadək başsağlığı belə yerləşdirilməməsi düşündürücüdür. Yeri gəlmişkən, sui-qəsdən bir neçə saat əvvəl general Müdafiə Nazirliyində Putinin keçirdiyi geniş toplantısında iştirak edibmiş.
Dekabrın 19-da Rusiya prezidenti illin yekunlarına həsr olunan ənənəvi mətbuat konfransı keçirəcək, ola bilsin ki, dövlət başçısı bir neçə saat canlı davam edəcək mətbuat konfransından əvvəl qısa istirahət götürüb. Şübhəsiz ki, Rusiya rəhbəri mətbuatla təmasda sui-qəsd haqda danışacaq, amma bu hadisə də ilin yekunu ilə bağlı mətbuat konfransına hazırlaşan Putinə mesaj kimi də yozula bilər.
Yozmalara(versiyalara) gəlincə, gün ərzində bu barədə çox yazıldı, onları təkrar etməyə ehtiyac yoxdur. Əlbəttə ki, bir olkədə qeyri-sabitlik yaratmaq üçün terror hədəfləri bəllidir. Bu cür terror aktlarının məqsədi cəmiyyətdə güclü qorxu və panika mühiti yaratmaqdır. Məhz buna görə də terrorçular hədəf kimi ciddi ictimai rezonans doğuran və əhalini qorxudan məşhur insanları seçirlər. Rusiya ekspertləri daha da irəli gedərək, terror hədəfində indi kimlərin ola biləcəyi haqda yazırlar.
Məsələn, ekspertlərə görə, növbəti hədəf Rusiyada hipersəs texnologiyalarının inkişafında əsas rol oynayan alimlər ola bilər. Hədəflər arasında Qərb ölkələrini fəal şəkildə tənqid edən tanınmış siyasi və dövlət xadimləri də daxildir. Daha bir təhlükə hədəfi tanınmış jurnalistlər, siyasi ekspertlər ola bilər...
Moskvada baş verən terror aktına bir az fərqli nöqteyi-nəzərdən yanaşanlar da var. Bunu CIA və MI5-in Ukrayna üçün danışıqlar masası qurmaq iddiasında olan Trampın işini zora soxmaq kimi izah edənlər də var. Çünki Kremlin sükutuna baxmayaraq, Rusiya Silahlı Qüvvələrinin ali hərbi rəhbərlərindən birinin Moskvada öldürülməsi əslində bir dövlətə müharibə elan etmək üçün əsl səbəbdir. Rusiyanın Ukraynaya “ikinci dəfə” hücum etmək kimi niyyəti yoxdur, orada zatən müharibə gedir. Rusiya ictimai rəyində generalın qətlinə görə intiqam çağırışları edilir. ABŞ neçə gündür xəbərdarlıq edirdi ki, Rusiya yenidən Ukraynaya “Oreşnik” ata bilər. Rusiyanın belə bir niyyəti görünmürdü, amma indi “Oreşnik”i atmaq üçün bəhanə verilib-ortada general- leytenatın cəsədi var...
Ukrayna masası haqda çox danışılır, amma ortada hələ ki, cəsədlər var, razılaşmaya oxşar nəsə yoxdur. Amma görünür ki, bu savaşın bir an belə durmasını istəməyən güclər var. Yadınıza Rusiya səfiri Andrey Karlovun 2016-cı ilin 19 dekabrında Ankarada qətlini salın. Bu o zamanlar idi ki, Suriya məsələsinə görə bir-birlərinə girən Rusiya və Türkiyə bir neçə aylıq gərginlikdən sonra barışmaq ərfəsində idilər. Rusiya- Ukrayna müharibəsi fərqli hadisədir, Karlovun qətlini də Kirillovun sui-qəsdinə bağlamayaq, amma istəsək, Trampa baş tutmayan sui-qəsdlə də generalın qətli arasında əlaqə tapmaq olar...
Nazim Sabiroğlu
Musavat.com