Mark Endeveld
(əvvəli https://xalqqazeti.az/az/siyaset/206837-boyuk-manipulyator)
... Düzdür, prezident onları qorxudur, onlara hədə qorxu gəlir, onları manipulyasiya edir, amma o da həqiqətdir ki, bu adamların çoxu hər şeydən əvvəl makronizmdən məyus olan adamlardır. Onlar bizneslərini qorumaq üçün məcbur olub yavaş-yavaş silahlarını çıxarmağa başlayırlar. Çünki Makronun ən yüksək səviyyəyə qəfil gəlişi, onun göz qamaşdıran performansı, sağçılar və solçular arasında indiyədək mövcud olan kiçik vərdişləri pozdu, o cümlədən maliyyə səviyyəsində. Keçmiş bankir kimi Makron onu da yaxşı bilir ki, siyasət həm də pul məsələsidir. Hakimiyyətdə uzun müddət qalmaq, dövləti uzun müddət öz nəzarəti altında saxlamaq üçün o, indiki və gələcək düşmənləri ilə soyuq müharibə aparır. Benalla məsələsindən əvvəl, eləcə də sarı jiletlilərin sosial qarşıdurmasından çox-çox qabaq Nikola Sarkozini dəstəkləyən bir nəfər qorxu və həyəcan içində bizə demişdi: “Makron düz on il hakimiyyətdə qalacaq... Bir sıra siyasi çətinliklərlə qarşılaşmağına baxmayaraq, o, hakimiyyəti əlində saxlamaq üçün hər şeyə əl atacaq və heç kəsə onun yolunu kəsməyə imkan verməyəcək...”.
Kiçik və böyük sirlər
Emmanuel Makronun hakimiyyətinin bünövrəsi müəmmalardan, sirlərdən və məxfi əlaqələrdən qurulub. Bu bünövrə ona əvvəllər bir-birinə zidd olan şəbəkələri manipulyasiya etməyə geniş imkan verir. Makron hakimiyyətə gələndə keçdiyi yolları, cığırları silib yox etməkdə, eləcə də ona hakimiyyətə gəlməkdə kömək edən adamları özündən uzaqlaşdırmaqda çox mahirdir. Bundan başqa, Makron onun hakimiyyətə necə gəldiyini araşdıran jurnalistlərin işini də çətinləşdirməyi ustalıqla bacarır. Onun ətrafındakı qeyri-rəsmi məsləhətçilər nəinki çoxdur, onlar hətta bütün nəzarətdən kənardadılar. Prezident seçkiləri kampaniyası zamanı bu namizəd ancaq Teleqram proqramından istifadə edirdi – klassik mesaj proqramlarına və elektron poçtlara etibar etmirdi. Onun sevdiyi idman növü? Çevrəsindəki adamları, kontaktda olduğu siyasətçiləri yalandan tərifləyib göylərə qaldırmaq və beləliklə, ona lazım olan məsləhətləri almaq. Ətrafındakı işçilərdən biri etiraf edir: “Bir də gördün prezident gecə saat birdə, ya ikidə zəng vurub səndən nə isə soruşur, ya müəyyən bir mövzuda sual verir, bəzən mübahisəli məsələlər olanda yazılı şəkildə açıq-aşkar izahat istəyir. O bu hərəkəti böyük şirkətlərin rəhbərlərinə, yüksək vəzifəli məmurlara, keçmiş həmkarlarına və institut yoldaşlarına, eləcə də bəzi jurnalistlərə qarşı edir. Təbii ki, özündənrazı, tərifi sevən insanlar, Makronun tərifləri qarşısında əriyib onun xahişlərini yerinə yetirirlər... Ancaq onların Makrona işi düşəndə prezident heç onların zənglərinə belə cavab vermir”.
Makron prezident olandan Yelisey sarayında sirr və müəmma kultu ara vermədən davam edir. Emmanuel Makron senatorların narazılığına baxmayaraq, öz komandasındakı “qeyri-rəsmi məsləhətçilərin” sayını artırır. Belə ki, prezidentin komandasındakı səkkiz “missiya icraçısının” adları heç bir rəsmi siyahıda və rəsmi orqaniqramda qeyd olunmayıb. İndiyə qədər onların nə işlə məşğul olduqları hamı üçün sirr olaraq qalır. Bu müəmmanı artıq hamı, eləcə də prezidentin mətbuat orqanı da qəbul edib və buna təbii baxırlar. 2017-ci ilin iyul ayında prezidentin mətbuat şöbəsinin direktoru Sibet Ndiay L’Express jurnalına verdiyi müsahibədə açıq-aydın demişdi:
“Tam səmimiyyətimlə etiraf edirəm ki, mən prezidenti qorumaq üçün çox vaxt yalan danışıram...” (?)
Prezident seçkilərindən az sonra tarixçi Patrik Buşeron qeyd etdi ki, Makron siyasi fəaliyyətə özünün bandası – hakimiyyətə və hakimiyyətdə olanlarla dostluğa can atan gənclər bandası ilə başladı. Ancaq cəmi iki ildən sonra Makronun prezident olmasında əsas rol oynayan və seçki kampaniyasında ona dəstək verən “klan” Benalla məsələsindən sonra dağıldı. İlin əvvəlindən könüllü istefa verənlərin, eləcə də işdən xaric olunanların sayı artdı. İstər-istəməz ortaya belə bir sual çıxır: Bu cür hərəkət sistemdəki əxlaqsızlığı və pozğunluğu gizlətməyin bir yoludur, yoxsa bu əxlaqsızlıqları və pozğunluqları sifariş edən adamı qorumaq üçündür? Çünki o vaxt Aleksandr Benallanın missiyası yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmırdı. O, prezidentliyə namizəd Emmanuel Makronun səyahətlərini, xüsusən də xarici ölkələrə olan səfərlərini təşkil edirdi. Makron seçki kampaniyasını maliyyələşdirməkdən ötrü tez-tez Londona, Nyu-Yorka, Beyruta və Əlcəzairə səfər edirdi. Təbii ki, prezidentliyə namizəd olan bir şəxsin yanında daim fırlanan bir adam seçki kampaniyasının çox sirlərini bilir. Ona görə də Benalla məsələsi ortalığa çıxanda qorxudan prezidentin qarnına ağrı dolmuşdu; 2016-cı ildən bəri “Hərəkətdə!” hərəkatını yaratmaqda ona dəstək olan, indiyə qədər onunla irəliləyən “klan”ı başından eləməyə çalışırdı.
Makron yaxşı bilir ki, ona hakimiyyətə gəlməkdə kömək edənlərlə heç olmasa üzdə yaxşı olmalıdır. Vay o adamların halına ki, onlar Makronun qoyduğu qırmızı xətti keçib ona yaxınlaşmağa can atırlar. Necə ki vaxtilə ona vasitəçilik edən, onun seçki kampaniyasına pul toplayan Aleksandr Djuri... Makron prezident olandan sonra Əlcəzairə səfər edəndə, bu adam dəvətsiz-filansız özünü Fransa səfirliyində prezidentin şərəfinə verilən ziyafətə soxmuşdu... Bir müddət sonra isə o, London aeroportunda, ingilis polisi tərəfindən həbs olundu. 39 yaşında prezident seçilən Makron indi hakimiyyətə gəlməyində ona kömək edən, necə deyərlər, onun nə vaxtsa asılı olduğu adamlarla özü arasında sərhəd qoyur. Özünün etiraf etdiyi kimi hakimiyyətə “oğurluqla” gələn bu adam prezident olmaq üçün Monteburqun və Villpəntin çevrəsindəki adamlardan, vaxtilə Sarkozini, Şirakı dəstəkləyən Jan-Pier Raffaran, JanLui Borlo və onun keçmiş yol yoldaşı DSK (Dominik Stros-Kan) kimi şəxsiyyətlərdən ustalıqla istifadə etdi. Seçki kampaniyası zamanı Fransua Hollandın keçmiş maliyyəçiləri də ona xeyli kömək göstərdilər. “Pis qoxu hiss edən kimi Makron tez onlardan uzaqlaşır. Ancaq bu, o demək deyil ki, o, daha bu adamlardan istifadə etmir”, – deyə onun çevrəsindəkilərdən biri bizə etiraf etdi.
Amma bu araşdırmalarımızın ən böyük sürprizlərindən biri odur ki, Makron kampaniya dövründə, hər şeydən əvvəl, 1990-cı illərin ortalarında prezident
Mitteranla (solçu) Baş nazir Balladürun (sağçı) birgə hakimiyyətində iştirak edən siyasətçilərə arxalanırdı. Dövləti həmişə idarə edən Sosialist və Respublika partiyalarını, eləcə də onların üzdə olan rəhbərlərini uzaqlaşdırmaq üçün Makron keçmiş nəslin nümayəndələrindən ustalıqla istifadə etdi, daha doğrusu, Fransua Mitteranın hakimiyyətinin sonunu görən nəsildən.
Eyni zamanda, bu adam Mitteranın və Balladürun şəbəkələri arasındakı iri beynəlxalq müqavilələri də öz əlinə alıb İqtisadiyyat Nazirliyinin kölgəsində öz bildiyi kimi “fırlatdı”.
(ardı var)