AZ

Qərbin bölgədə yeni gərginlik ocaqları yaratmasının qarşısını alan qüdrətli dövlət

Ölkəmizin hazırkı nüfuzu və gücü milli maraqlarımızı inamla qorumağa imkan verir

Bakıda  keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29- cu sessiyası ( COP29) yaddaqalan uğurlarla  başa çatdı. Eyni zamanda, sözügedən  beynəlxaq tədbirdə qəbul olunan beynəlxalq əhəmiyyətli qərarlarla Azərbaycan yeni tarixi hadisənin baş yazarı oldu.  Xüsusilə belə bir möhtəşəm qlobal konfransa ev sahibliyi etməklə dövlətimiz ekoloji sabitliyə sadiqliyini nümayiş etdirdi. Bununla da Azərbaycan dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirməyə nail oldu. COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyildi,  həm də ümumbəşəri həmrəyliyin təsdiqi idi.

Bu uğurlar bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni hərbi- siyasi reallıqüçtünlük həm də qlobal səviyyədə etiraf olunmaqdadır. Çünki COP29 kimi əzəmətli tədbir keçirmək hər dövlət, xüsusilə də Azərbaycan kimi ərazi cəhətdən  kiçik bir ölkə üçün o qədər də asan görünmürdü. Amma biz bacardıq. Dünyaya, böyük dövlətlərə  hansı qüdrətə sahib olduğumuzu göstərdik. Həm də biz bu mötəbər tədbiri keçirməklə dünyaya səsləndik ki, gəlin, müharibələrə son verək, ana təbiətin fəryadına diqqət kəsilək, onun harayına çataq!

COP29-un uğurla başa çatması Azərbaycan dövlətinin qarşısında yeni prioritetlər açıb. Bu, Cənubi Qafqazın sülh və əmin-amanlıq bölgəsinə çevrilməsidir. Ümumiyyətlə, Cənubi Qafqaz regionu həmişə özünün gərginliyi ilə seçilib. Çünki   müxtəlif beynəlxalq güclərin barışmaz maraqları daha çox münaqişə ocaqlarının burada mövcud olmasını şərtləndirib. Lakin 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Cənubi Qafqaz bölgəsinin münaqişə potensialı əhəmiyyətli dərəcədə azaldı. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev postmüharibə dövründə tarixdə ilk dəfə olaraq regionun təhlükəsizlik xəritəsini cızdı.

Uzaq olmayan tarixdən də  məlumdur ki, Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin qurulması üçün dəfələrlə cəhdlər edilib. Lakin heç vaxt uğurlu nəticələr əldə olunmayıb. Məhz Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh və təhlükəsizlik üçün real imkanlar yaranıb. 2020-ci ilə qədər dövlətimiz keçmiş münaqişə vəziyyətini dinc vasitələrlə həll etmək üçün qətiyyətli mövqe sərgiləyirdi. Həmin vaxtadək ötən 17 ildə Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına təsir göstərmək üçün ayrı-ayrı beynəlxalq təşkilatlara çağırışlar edirdi. Lakin bizim bu çağırışlarımıza diqqət yetirən yox idi. Əksinə, bildirilirdi ki, guya  münaqişənin hərbi həll yolu yoxdur. Bununla da onlar münaqişəni uzatmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında möhkəmlənməsinə şərait yaradırdılar.

Təbii ki, Prezident İlham Əliyev nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyini bildirirdi və belə də oldu. Özünü tam cəzasızlıq şəraitində hiss edən Ermənistanın növbəti təxribatlarının qarşısı alınmaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına başlandı və 44 gün ərzində erməni işğalının nəticələri əhəmiyyətli dərəcədə aradan qaldırıldı. 2023-cü ilin sentyabrın 19-da isə birgünlük lokal antiterror tədbirləri  nəticəsində Qarabağda terrorçu və separatçı xuntanın ləğvi gerçəkləşdirildi. Beləliklə, Azərbaycan Ordusu öz qüdrətini, Ali Baş Komandan İlham Əliyev isə öz siyasi iradəsini, əsl sərkərdəlik bacarığını bütün dünyaya nümayiş etdirdi.

Bununla da Azərbaycan MDB məkanında öz ərazilərini məhz beynəlxalq normalara uyğun olaraq işğaldan azad edən, separatizmin kökünü kəsən ilk dövlət oldu. Nəticədə əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan Cənubi Qafqaz regionunda yeni geosiyasi konfiqurasiya formalaşdırdı. Ən başlıcası isə Prezident İlham Əliyev dövlətin  və xalqın məğlub obrazını da tamamilə dəyişdi. Bu gün artıq dünyada ərazi bütövlüyünü  və suverenliyini bərpa etmiş qalib Azərbaycan dövləti və qalib Azərbaycan xalqı var. Məhz güclü Azərbaycan haqlı olaraq postmüharibə dövründə Ermənistanı sülhə məcburetmə taktikası ilə küncə sıxışdırdı.

Azərbaycan dövləti torpaqlarını işğaldan azad etdikdən və ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra bölgədə yeni reallıqlar formalaşdı. Artıq bu reallığı dəyişəcək güc mövcud deyil. Çünki burada şərtləri diktə edən tərəf bizik.  Xüsusilə qürurverici haldır ki,  Azərbaycan Prezidenti dünyanın ümumi vəziyyətinə təsir etmək gücündə olan dövlət başçıları ilə eyni sıradadır. Ölkəmizin hazırkı nüfuzu və mövqeyi həm tarixi Qələbəmizi və həm də ümumilikdə milli maraqlarımızı inamla qorumağa imkan verir.

Bu gün Fransa başda olmaqla kollektiv Qərb Cənubi Qafqazda yenidən gərginlik ocaqları yaratmağa çalışır. Lakin onların regiona müdaxilə etmələrinə imkan verən münaqişə amili artıq mövcud deyil. Ona görə  ki, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük diplomatik bacarığı sayəsində ölkəmizə qarşı qərəzli mövqelərin formalaşdırılması cəhdləri tam fiaskoya uğrayıb. Prezidentimizin də vurğuladığı kimi, hazırda  Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Bu güc anti-Azərbaycan qüvvələr üçün bir kabusdur. Çünki müasir dövrdə hüququn gücü yox, gücün hüququ keçərlidir. Azərbaycan Ordusunun bugünkü gücü həm də dövlətimizin siyasi-diplomatik uğurlarının qarantı rolunda çıxış edir.

Ən diqqətçəkən digər önəmli hadisə isə odur ki, biz öz ərazilərimizdə antiterror tədbirlərini həyata keçirdikdən cəmi iki ay yarım sonra COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdilliklə qərar qəbul edildi. Təbii ki, bu amili Azərbaycanın ədalətli mövqeyinin təntənəsi kimi də qiymətləndirmək olar. Eyni zamanda, bu,  Azərbaycan dövlətinə və onun rəhbərinə olan böyük inam və etimadın göstəricisi idi. Yəni, böyük dövlətlər 35 ildən sonra, nəhayət, görməyə başlayıblar ki, hansı coğrafiyada baş verməsindən və hansı etnik qrup tərəfindən törədilməsindən, hətta onların məlum fobiyaları və ayrı-seçkiliyi səbəbindən kiməsə tərəfkeşlik etmələrindən asılı olmayaraq, separatizm dünya birliyinin nizamına ciddi təhdid yaradan təhlükəli faktordur.

Həmçinin, Prezident İlham Əliyev bütün geosiyasi  hədəflərinə böyük hərbi-siyasi gedişlər etməklə çatmağı bacarır. Yəni, bu gün Prezident İlham Əliyevin qarşıya qoyduğu ümummilli hədəflər dövlətimizi daha da güclü etməklə onun beynəlxalq proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Xüsusilə Hayastan üzərindən ölkəmizə qarşı qurulan bütün məkrli palanların qarşısı ustalıqla alınır.

Elçin Zaman, «İki sahil»

Seçilən
29
1
ikisahil.az

2Mənbələr