“Bizə güclü rəqiblər düşəcəyi məlum idi.
Ukraynadan başqa hamısı ilə oynamışıq. Əsas öz komandamıza baxmalıyıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Azərbaycan millisi DÇ-2026-cı seçmə mərhələsində İslandiya, Ukrayna və Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa-Xorvatiya cütünün qalibi ilə bir qrupda mübarizə aparacaq. Püşkü dəyərləndirən millimizin sabiq çalışdırıcısı qeyd edib ki, rəqiblərin güclü olmasından əlavə, həm də bizim komandada müəyyən problemlər var:
“Yaxşı haldır ki, bizim üçün seçmə mərhələ sentyabrda başlayacaq. Çünki həm mart, həm də iyunun əvvəlində yoldaşlıq oyunu keçirə bilərik. Yəni seçmə mərhələ başlayana qədər tam hazır olmaq mümkündür. Əsas olan bizim millinin oyunudur.
Komandaya mütləq mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi lazımdır
Azərbaycan çempionatında bu mövqelərdə əksək klublarda əcnəbi futbolçular oynayır. Bizdə problem burdan başlayacaq. Millinin məşqçi korpusu üçün seçim də çətin olacaq.
Ukrayna millisi son vaxtlar yaxşı oynayır. Klubları o qədər də uğurlu çıxış etmir. Əksəriyyətində yerli futbolçular mübarizə aparır. Millinin futbolçularının isə çoxu ölkə xaricində çıxış edir. Güclü olsalar da, həm Ukrayna, həm də İslandiya ilə oynamaq olar. Əsas məsələ odur ki, biz necə hazır olacağıq. Ümumiyyətlə, hazır olacağıq, yoxsa yox. Bunun üçün ilk növbədə çempionatımızın gərginliyini artırmalıyıq. Klublar yerli oyunçular barədə düşünməlidir. Nəsə fikirləşmək lazımdır. “Qarabağ”da olan cavan futbolçular legionerlərin hesabına komandada yaxşı çıxış edirlər. Millidə isə bunu görə bilmirik. Bu haqda da düşünməliyik. Böyük sualdır”.
A.Mircavadov potensial rəqiblərimiz Fransa və Xorvatiya haqda da danışıb: “Bizim üçün bu rəqiblər o qədər də fərq etmir. Çünki belə komandalar birinci yer üçün oynayırlar. Xorvatiyada ulduz futbolçular tədricən yaşlanır və onları gənclər əvəzləyir. Onlara da vaxt lazımdır. Ona görə də məncə, Xorvatiya düşsə, mübarizə aparmaq olar. Amma Fransa ilə ağır olar. Çünki onlarda iki heyət var. Birinci yerə məlumdur ki, Fransa daha iddialıdır. İkinci yer uğrunda mübarizə aparmalıyıq”.
77 yaşlı mütəxəssis millimizi çalışdırarkən - 1995-ci ildə Fransaya 0:10 hesablı məğlubiyyəti də xatırlayıb: “Yaddan çıxarmayaq ki, həmin Fransa millisi iki ildən sonra dünya çempionu, daha sonra Avropa çempionu oldu. Şəraiti vurğulamaq lazımdır. Bu gün AFFA milli komanda üçün hər bir şəraiti yaradıb. Amma o vaxt bizim futbolçular oyundan sonra rəqiblə formalarını dəyişə bilmirdilər. Çünki forma hamıda cəmi bir dənə idi. Həddindən artıq çətinliyimiz var idi. Çox vaxt Buzovnadakı bazada qalırdıq və məşqimizi orada edirdik. Meydança isə kələ-kötür idi. İndi 2-3 yaxşı meydançamız var. Biz o vaxt heç 5 günlük təlim-məşq toplanışı da edə bilmirdik. İndiki vəziyyətlə o vaxtkı arasında fərq həddindən artıq böyükdür. Amma buna baxmayaraq, biz o vaxt Fransa ilə oyunda 3-4 qol epizodu yaratmışdıq. Çox asan toplar buraxdıq. Hesab da futbolçularımıza təsir etmişdi”.
A.Mircavadov “Fransa ilə qarşılaşsaq, yenidən o cür faciəvi hesab qeydə alına bilərmi” sualını da cavablandırıb: “Ola bilər. Amma arzu edək ki, olmasın. Həmişə ümidliyik ki, bəlkə bu dəfə millimiz nəsə edər. Amma son oyunlarda futbolçularımız çox həvəssiz idilər. Sönük oynayırdılar. Bəziləri klublarında tam oynamayanlardır. Düşünürəm ki, Fransa ilə yox, Xorvatiya ilə düşsək, nisbətən asan olar. Fransa böyük futbol ölkəsidir”.
A.Mircavadov onu da deyib ki, millinin baş məşqçisi Fernandu Santuşa kifayət qədər vaxt verilib və o, qarşıdakı turnirdə nə edəcəyini bilməlidir: “Santuş Millətlər Liqasının bütün oyunlarında millinin başında oldu. Sözsüz ki, nəticə uğursuzdur, amma futbolçuları tanıdı, seçdi. Mütləq mart və iyun aylarında yoldaşlıq görüşləri olmalıdır ki, Santuş heyəti tam hazır etsin. Bir məsələ var ki, komanda hansı oyunçularla oynayacaq? Əsas sual budur. Heyət seçimində çətinliklər olacaq”.