AZ

Siyasi partiyalar üçün sınaq dövrü

YAP bələdiyyə seçkilərinə böyük inamla gedir

Yarandığı vaxtdan cəmi bir neçə ay sonra iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası (YAP) 1993-cü ildən bəri respublikamızda keçirilən bütün seçkilərdə fəal iştirak edib və həmişə də qalib gəlib. Patiyanın Prezident, parlament və bələdiyyə seçkilərində mütləq səs çoxluğu ilə qalib gəməsi isə cəmiyyətin YAP-a olan dərin inamının ifadəsidir.

Yeni Azərbaycan Partiyası öz ənənəsinə sadiq qalaraq ölkəmizdə gələn il yanvarın 29-da keçiriləcək növbəti bələdiyyə seçkilərində də aktiv şəkildə iştirak etmək əzmindədir. Bu günlərdə YAP İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ilk olaraq Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.

Siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb

Müasir dövlət kimi inkişaf edən müstəqil Azərbaycan demokratik inkişaf yolunu öz siyasətinin əsas priroritetlərindən biri kimi müəyyənləşdirib. Ölkəmizdə dövlətin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq 2018-ci ildən etibarən yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində inamlı addımlar atılır. Ayrı-ayrı siyasi partiyaların təmsilçiləri də icra strukturlarında, parlamentdə müxtəlif vəzifələrə irəli çəkilirlər ki, bu da cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirir. Aparılan islahatların məntiqi nəticəsi olaraq ölkəmizdə söz, fikir plüralizmi yüksək səviyyədə təmin edilib, o cümlədən Konstitusiya və digər hüquqi sənədlərlə vətəndaşların seçki hüququ təsbit olunub.

Hazırda respublikamızda siyasi partiyalar üçün çox məsuliyyətli dövr başlayıb. Ölkəmiz növbəti bələdiyyə seçkilərinə gedir.Yerli özünüidarəetmə orqanlarının cəmiyyətə ən yaxın icra strukturları olduğunu nəzərə alsaq, deyə bilərik ki, bələdiyyə seçkiləri siyasi partiyalar üçün ciddi bir sınaqdır. Sirr deyil ki, siyasi partiyaların nüfuzu onların seçkilərdə qazandıqları nəticələrlə ölçülür. Hansı partiya yüksək fəallıq göstərirsə və fəaliyyətini milli iradədən, xalqın sosial sifarişlərindən çıxış etməklə qurursa, təbii ki, seçkilərdə həmin partiyanın namizədləri daha çox səs qazanırlar.

Yeri gəlmişkən, bu günlərdə  Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda həmçinin qarşıdan gələn bələdiyyə seçkilərində Ədalət, Hüquq, Demokratiya Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, “Ana Vətən” Partiyası və Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.

Ölkənin avanqard siyasi qüvvəsi olan YAP seçkilərə yüksək səviyyədə hazırlaşır

Qələbələr partiyası olan YAP qarşıdan gələn bələdiyyə seçkilərinə də böyük inamla gedir. YAP İdarə Heyətinin iclasında partiyanın növbəti bələdiyyə seçkilərinə hazırlıqlarına xüsusi diqqət çəkilib. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının avanqard siyasi qüvvə kimi hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini və mühüm qələbələrə imza atdığını, qarşıdan gələn bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib. O bildirib ki, yerli özünüidarəetmə orqanlarında təmsil olunan YAP üzvləri xalqın etimadını böyük məsuliyyət kimi qəbul edərək bu sahədə konkret nəticələrin əldə olunmasına hesablanan məqsədyönlü fəaliyyət həyata keçirirlər. “Bununla bərabər, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr durur. Əminəm ki, xalqın iradəsi əsasında yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikrini əsas götürərək ötən dövrün təcrübəsini və yeni dönəmin çağırışlarını nəzərə almaqla bu sahədə məqsədyönlü fəaliyyət göstərəcəklər”, - deyə Tahir Budaqov bildirib.

YAP Sədrinin müavini Əli Əhmədov çıxış edərək ölkəmizdə ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. O, seçkilərin əhəmiyyətinə toxunaraq YAP tərəfindən namizədliyi irəli sürülən şəxslərin müasir, qalib və qüdrətli Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var gücü ilə çalışacaqlarına inamını ifadə edib.

İdarə Heyətinin iclasında YAP-ın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı yekdilliklə təsdiqlənib. Qeyd edək ki, seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə, ümumilikdə 8071 namizəd müəyyənləşdirilib.

İclasa yekun vuran YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilmiş etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəklərinə əminliyini ifadə edərək onlara uğurlar arzulayıb. “İnanırıq ki, 2025-ci il yanvarın 29-da keçiriləcək növbəti bələdiyyə seçkiləri Ulu Öndər Heydər Əliyevin dəyərli mənəvi-siyasi mirası olan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolunda əmin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyasına xalqımızın inam və etimadının növbəti bariz nümunəsi olacaqdır”, - deyə Tahir Budaqov vurğulayıb..

Mübariz FEYİZLİ

Seçilən
63
yeniazerbaycan.com

1Mənbələr