ABŞ Respublikaçılar Partiyasının üzvü olan və əvvəllər Ukraynaya yardımın tərəfdarı olan bir sıra amerikalı konqresmenlər Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra mövqelərini dəyişiblər.
Bu barədə “The New York Times” yazıb.
“Trampın seçkilərdə qələbəsindən sonrakı həftələr ərzində Ukraynadakı müharibəni maliyyələşdirməyə dəstək verən ən qızğın respublikaçıların bəziləri öz tonunu nəzərəçarpacaq dərəcədə dəyişiblər”-məqalədə qeyd edilib.
Məqalə müəllifi iddia edib ki, prioritetlərin belə dəyişməsi Trampın öz mövqelərinə uyğunlaşma cəhdi ilə bağlı ola bilər. NYT yazıb ki, rəsmilər Kiyev və Vaşinqtonun maraqlarından çıxış edərək, münaqişəni sona çatdırmağın vacibliyindən danışır və “onu uzada biləcək çeklər yazmağa” davam etmirlər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural