AZ

Azərbaycanın peşəkarorduya keçidi

Polkovnik hərbi xidmətə çağırış yaşının aşağı salınmasını peşəkar ordu sisteminə keçidə hazırlıq  prosesi kimi dəyərləndirir 

Son günlər yenidən gündəmə gətirilən məsələlərdən biri də hərbi xidmətə çağırış yaşının aşağı salınmasıdır. Milli Məclis “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklikləri I oxunuşda müzakirə edib.

Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. 

Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.

Qeyd olunub ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, yaş həddi müharibə şəraitində ordunun komplektləşdirilməsi istiqamətində atılan addımlarla əlaqədar 35-ə qaldırılmışdı: “Amma artıq bu gün ordunun komplektləşdirilməsində problem yoxdur. Fiziki, psixoloji hazırlıq, yetkinlik baxımından bu yaş nəzərə alınır”. Hərbi xidmətlə bağlı yeni qanunlar peşəkar orduya keçidlə bağlı müzakirələri də gündəmə gətirib.  Adətən peşəkar ordu sistemində çağırış kampaniyasına son qoyulur. Peşəkar orduda əsgər maaş alır. Peşəkar orduya keçid böyük maliyyə tələb edir. 

Azərbaycan davamlı olaraq hərbi qüvvələrini modernləşdirir. Bu modernləşmə də ən müxtəlif istiqamətlərdə gedir. Xüsusən də ordunun şəxsi heyətinin peşəkarlığının yüksəldilməsi və hərbi texniki təchizat istiqamətlərini qeyd etmək lazımdır. Müqavilə əsasında ordunun təşkilinə gəldikdə, hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri kifayət qədər yüksək peşəkarlığa malik bir ordudur.

Ordumuz dünyanın ən aparıcı 50 ordusu sırasında yer alıb. Bu göstəricilər onu qeyd etməyə əsas verir ki, ordumuz indiki şərtlər daxilində də yüksək peşəkarlığı ilə seçilən bir ordudur. Hazırda ordu 70 faizədək peşəkar hərbçilərdən ibarətdir. 44 günlük müharibə dövründə də sübuta yetirildi ki, bu sahədə peşəkar hərbçilərin olması daha böyük əhəmiyyət daşıyır. Buna görə də düşünürəm ki, Azərbaycan Ordusu bu yöndə quruculuğu davam etdirəcək. 

Digər tərəfdən, ordumuz Türkiyə modelinə keçmək üçün Ali Baş Komandan İlham Əliyevin qarşısına qoyduğu tapşırığı yerinə yetirməkdədir. Həmin tapşırıq əsasında gələcək dövrlərdə hərbi sahədə peşəkarların üstünlük təşkil etməsi nəzərdə tutulur".

“Hərbi vəzifə və xidmətkeçmə haqqında” Qanuna ediləcək yeni dəyişikliklər Azərbaycanın peşəkar orduya keçidini də nəzərdə tuturmu? Həmçinin Türkiyə ordusu modelinə keçidi. 

2108575.jpg

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, yeni qəbul ediləcək “Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında” Qanunda çoxlu sayda yeniliklər nəzərdə tutulub: "Cəmiyyət və mütəxəssislər tərəfindən alqışlanan bu dəyişikliklərin nədən ibarət olduğu barədə artıq bir neçə gündür ictimaiyyət kifayət qədər məlumatlanıb. Xüsusilə də əsgərliklə bağlı yaş həddinin 35-dən 30-a endirilməsi cəmiyyətdə yaxşı qarşılanır. Bu, bir daha onu göstərdi ki, dəyişikliklər zamanın, orduda islahatlar prosesinin meydana gətirdiyi tələblə yanaşı həm də cəmiyyətdən gələn sosial sifarişdən irəli gəlir. Bu gün sərhədlərimizi Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları qoruyur. Ordu isə mütəmadi olaraq döyüş hazırlığı ilə məşğuldur. Ordumuzun komplektləşdirilməsi problemi qətiyyən mövcud deyil. Qanunda yeni dəyişikliklərdən sonra ordunun ştat strukturunda heç bir dəyişiklik bu səbəbdən olmayacaq.  Artıq biz gördüyümüz odur ki, xüsusi qoşun növlərinə müddətdən artıq xidmət edən hərbi qulluqçular cəlb olunur. Xüsusi qoşun növləri xüsusi təyinatlılar, rabitə qoşunları, hava hücumundan müdafiə sistemlərinin idarəedilməsi, tank bölmələri əsasən müddətdən artıq xidmət edən hərbi qulluqçulardan ibarətdir. Sürücülərin əksəriyyəti müddətdən artıq xidmət edən hərbi qulluqçulardır. Ordumuzda komando briqadalarının sayı get-gedə artırılır. Bütün bunlar döyüş qabiliyyətinin daim yüksək olmasına bir stimuldur və peşəkar ordu sisteminə keçid prosesi də hesab edilə bilər. Biz artıq uzun müddətdir Türkiyə ordu modelinə keçirik. Türk ordu modeli də müddətdən artıq hərbi qulluq edən hərbi qulluqçular və müddətli hərbi çağırışçıları özündə ehtiva edir. Lakin şəxsi heyət əsas amillərdən biri deyil. Əsas amillər həmin ştata uyğun müasir silahların təmin edilməsidir və ordumuzda hazırda bu proses də gedir. Gələcəkdə sovetdənqalma və sonradan tərcümə olunmuş nizamnamələrdə də müəyyən dəyişikliklər həyata keçirilməlidir. Hərbi ənənələrimizə, adət-ənənələrimizə və NATO standartlarına uyğun bir nizamnamənin hazırlanmasından söhbət gedir”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
21
44
musavat.com

10Mənbələr