AZ

“ING Group”un yeni proqnozu...

Azərbaycanda inflyasiya sabit qalacaq

Niderlandın “ING Group” analitik tədqiqat şirkəti Azərbaycanda orta illik inflyasiya ilə bağlı yenilənmiş proqnozunu dərc edib. 3 ay əvvəlki ssenari ilə müqayisədə qiymət indeksləri aşağı salınıb. Belə ki, yeni gözləntilərə əsasən, 2024-cü ildə ölkəmizdə orta illik inflyasiya 2,1 faiz, 2025-ci ildə 4,1 faiz, 2026-cı ildə isə 4,5 faiz səviyyəsində proqnozlaşdırılır. “ING”in analitik qrupu cari il üzrə inflyasiya rəqəmini 0,1 faiz, növbəti il üzrə 0,6 faiz azaldıb. 2026-cı ilə dair proqnoz göstəriciləri isə sabit saxlanılıb.

“ING Group” inflyasiya gözləntiləri Dövlət Statistika Komitəsinin illik proqnozları ilə demək olar ki, üst-üstə düşür. Komitənin məlumatına əsasən, 2024-cü ilin ötən 11 ayında istehlak qiymətləri indeksi 2 faiz təşkil edib, ilin sonunda yekun rəqəm 2,2 faiz fərz edilir. Yaxud Mərkəzi Bankın (MB) da yenilənmiş proqnozları “ING Group”un qiymət indeksi ehtimallarına uyğundur. MB-nın proqnozlarına əsasən, 2024-cü ildə inflyasiya 2-2,5 faiz, növbəti iki ildə isə 4-5 faiz civarında olacaq.

İqtisadiyyat Nazirliyinin ssenarisinə əsasən, isə qiymət indeksi 2024-cü ildə 3 faiz, 2025-ci ildə 4,9 faiz, 2026-cı ildə 4,4 faiz, 2027-ci ildə 4,2 faiz çərçivəsində müəyyənləşib.

Digər proqnozlar da nikbindir...

Bu rəqəmlər digər beynəlxalq iqtisadi institutların proqnozlarına çox yaxındır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5 faiz, 2025-ci ildə isə 3,9 faiz təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə qiymət indeksi cari ildə 3,5 faiz, 2025-ci ildə 5 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarında isə inflyasiyanın 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz,  2026-cı ildə 4 faiz təşkil edəcəyi qeyd olunur. “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin iyun ayında açıqladığı yeni sənəddə Azərbaycanda 2024-cü il üzrə orta illik inflyasiyanın 2,9 faiz səviyyəsində proqnozlaşdırıldığı, 2025-2027-ci illərdə isə orta illik inflyasiya gözləntilərinin 3-4,2 faiz olacağı bildirilir.

Antiinflyasiya tədbirləri diqqətdə saxlanılacaq

Ancaq bunlara baxmayaraq, inflyasiyanın davamlı sabit qalacağına arxayınlaşmaq olmaz. Çünki qlobal bazara tam arxayın olmaq olmaz, bölgədə geosiyasi mürəkkəb proseslər hələ də davam edir ki, bu risklər inflyasiyanı yenidən sürətləndirə bilər. Belə ki, xarici mühitin yüksək həssaslığı, dünyada  geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi,  beynəlxalq  logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın  hədəf səviyyələrindən  yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar qiymətlərin əlavə artımına səbəb ola bilər.

Bütün bunları nəzərə alan hökumət birrəqəmli inflyasiya çərçivəsinə arxayın olmayaraq, qiymət indeksinə təsir edən daxili və xarici faktorları, o cümlədən anti-inflyasiya tədbirlərini prioritet kimi diqqətdə saxlayacaq. Mərkəzi Bankın mövqeyindən də aydın olur ki, antiinflyasiya  tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirəcək. Eyni zamanda, büdcə xərclərinin pul bazarına təsirlərinin daim monitorinqi aparılacaq. Büdcə xərclərinin irihəcmli artımları da adətən inflyasiya təzyiqlərini yüksəldir, nəzərə alsaq ki, 2025-ci ilin büdcə zərfində ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, azad ərazilərdə quruculuq işlərinin sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əlavə xərclər müəyyən edib. Ona görə də, xərc siyasətində maksimum ehtiyatlı davranılacaq ki, izafi xərclər və pul kütləsi yaranmasın. Eləcə də, əlavə xərclərin yüksək inflyasiyaya təkan verməyən səviyyədə saxlanması üçün fiskal siyasət çərçivəsində müəyyən addımlar atılacağı da istisna deyil.

Ona görə də, hökumət inflyasiya faktorlarını təhlil edərkən inzibati alətləri də yaddan çıxarmaq niyyətində deyil və antiinflyasiya tədbirləri 2024-cü ildə strateji məqsəd kimi müəyyən edildiyindən bu kurs 2025-ci ildə də əsas prioriteti kimi diqqətdə saxlanılacaq. İqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar yenə də işə koordinasiya ediləcək.

ELBRUS

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr