Çərşənbə axşamı günü Azərbaycan Baş Prokurorluğu bildirib ki, Qarabağda 1987-ci ildən bəri törədilmiş cinayətlərə görə 15 erməni məhbusun işi məhkəməyə göndərilib. Onların arasında, çox eşidilən isimlərdən Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan, Davit İşxanyan və Davit Babayan da var.
Onlar Dağlıq Qarabağ respublikası ləğv olunduqdan sonra həbs edilib və Azərbaycan həbsxanalarında saxlanılır.
Siyahıda özünü bir neçə il əvvəl Qarabağın dövlət naziri elan etmiş Ruben Vardanyanın adı yoxdur. Baş Prokurorluq bəzi şəxslərin cinayət işinin ayrıca araşdırıldığını bildirib. Vardanyanın məsələsinin buraya aid olub-olmadığı məlum deyil.
Turan yazıb ki, onun işinə Dövlət Təhlükəsizliyi Xidmətində baxılır. Vardanyana qarşı ağır cinayətlərlə bağlı 45 ittiham irəli sürülüb.
İstintaq orqanı saxlanılanların hüquqlarının təmin edildiyini və Ermənistan tərəfinə əməkdaşlıq üçün müraciət etdiyini bildirib. Prokurorluq deyib ki, məhkəmədə şahidlik edə biləcək şəxslər, eləcə də şübhəlilər Ermənistandadır.
Ermənistan hökuməti Azərbaycanda saxlanılan 8 separatçı liderin azadlığa buraxılması üçün açıq çağırış etməyib. 2024-cü ilin noyabrında Ermənistan müxalifəti erməni məhbusların azadlığa buraxılması üçün Azərbaycana təzyiq etmək barədə qətnamə layihəsi irəli sürüb.
Beynəlxalq ictimaiyyətə ünvanlanan bu layihəni Paşinyan hökuməti tərəfdarlarının çoxluğu parlamentdə qəbul etməyib.
Bakıdakı erməni məhbuslarla bağlı ittiham aktında soyqırım, müharibə cinayətləri, terrorçuluq və digər ağır cinayətlər yer alıb. Onların özlərinin buna münasibəti məlum deyil. Cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılacaq.