AZ

Antarktida son illərin ən soyuq mövsümünü yaşayır: Nə baş verib?

Bu il Antarktidanın Qalindez adasında, Ukraynanın "Akademik Vernadski" qütb stansiyasının yerləşdiyi ərazidə son 6 ilin ən soyuq qışı yaşanıb. Hazırda ərazidə yay fəslinə başlanılsa da, elm adamları bildirir ki, dəniz buzlarının çoxluğu okeanın havaya istilik ötürməsinə mane olur.

Soyuq qışın əsas səbəbləri

Qaynarinfo xəbər verir ki, Ukrayna Milli Antarktika Elmi Mərkəzinin alimlərinin sözlərinə görə, bu vəziyyətin səbəbi Antarktika yarımadasının qərbində may ayında əmələ gəlmiş soyuq su kütləsidir. Bu kütlə ilin əvvəlindən indiyədək genişlənərək qərbi Antarktikanı əhatə edib.

Qurumun məlumatına görə, bu qış ərzində temperatur minimumu -14,7°C olsa da, uzun müddətli soyuq dövrlər müşahidə edilib.

"Payız ayları da mövcud normalarla müqayisədə daha soyuq keçib", deyə atmosfer fizikasının və geokosmik tədqiqatların rəhbəri Denis Pişnyak bildirib.

Qar miqdarına gəlincə, stansiyanın yaxınlığında qar qalınlığı 180 sm-ə çatıb ki, bu da 2022-ci ildəki 300 sm ilə müqayisədə azdır. Alimlər bu azalmayı quru hava kütlələrinin üstünlük təşkil etməsi ilə izah edirlər.

Buzlaqlar və ekosistema üçün müsbət təsir

Ərazidə buzlaqların genişliyi mühüm rol oynayır. Dəniz buzları okeanın istiliyini havaya ötürməsinə mane olur və günəş şüaları ilə qızmasının qarşısını alır. Bu, buzlaqların sabitliyini qorumağa kömək edir. Alimlər qeyd edirlər ki, belə şərait qütb heyvanları üçün də faydalıdır, çünki buzlar onların təbii mühitinin vacib hissəsidir.

2023-cü ilin isti qışı isə buzların minimal səviyyəyə enməsi ilə nəticələnmiş və ekosistem üçün mənfi təsir yaratmışdı.

Bu ilin başqa bir rekord göstəricisi isə sentyabr ayında qeydə alınan külək sürəti oldu. Meteoroloqlar 42,5 m/s külək sürətinin stansiya tarixində rekord olduğunu bildiriblər.

Soyuq qışın əhəmiyyəti

Denis Pişnyak vurğulayıb ki, qütb bölgələrində temperatur yüksəlişləri əsasən qış aylarında müşahidə olunur, yayda isə bu dəyişikliklər daha az nəzərə çarpır.

"Qışda yığılan soyuq ehtiyatı buzlaqların yayda ərimə sürətinə təsir edir. Soyuq qış buzlaqların daha stabil qalmasına imkan yaradır", deyə Pişnyak bildirib.

Qeyd edək ki, 2022-ci ilin qışı müşahidələr tarixi ərzində ən isti, 2023-cü ilin qışı isə anormal istiliyi ilə yadda qalmışdı - iyul ayında temperatur +8,7°C-ə çatmışdı.

Aydın
phrase_var_article.chosen
29
1
qaynarinfo.az

10phrase_var_article.sources