İŞİD-in Xorasan qolu (İŞİD-H) fəaliyyətini artırdıqca, Rusiya Tacikistandan gələn mühacirlərə münasibətini sərtləşdirib.
Hafta.az xatırladır ki, martın 22-də Moskvada törədilən hücumda azı 145 nəfər ölüb, 500 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD-H üzərinə götürmüşdü, Rusiyanın daxili təhlükəsizlik qurumu FTX hadisə ilə bağlı 4-ü Tacikistan vətəndaşı olmaqla 12 nəfəri həbs etmişdi.
Tacikistan vətəndaşı Əbu Bekir Yusifi iyulda işləmək üçün Rusiyaya getdiyini, lakin Moskva hava limanında 6 saat gözlədildikdən sonra ölkəyə buraxılmadığını deyir. 23 yaşlı gənc deportasiyasının səbəbini anlamadığını bildirib: “Rusiyaya pul qazanmaq üçün getmişdim. İndi nə edəcəyimi bilmirəm”.
“Reuters”ə müsahibə verən digər iki tacikistanlı isə oxşar üsullarla Rusiyaya daxil olmalarına icazə verilmədiyini bildirib. Agentlik yazır ki, bu şəxslərin hansı səbəbdən deportasiya edildiyi məlum deyil.
Rusiyada 6 milyona yaxın əməkçi miqrant çalışır. Onların əksəriyyəti Orta Asiya ölkələrindən, o cümlədən Tacikistandandır. Məşğulluq problemlərinin maaş artımı və yüksək inflyasiyaya təkan verdiyi bir vaxtda miqrant işçilər Rusiyanın müharibə iqtisadiyyatını ayaqda saxlamaqda mühüm rol oynayırlar.
Eynilə, miqrant işçilər Tacikistan üçün mühüm gəlir mənbəyidir. Tacikistanın əmək, miqrasiya və məşğulluq naziri Gülnora Həsənzoda yanvar-iyun aylarında təxminən 392 min insanın işləmək üçün ölkəni tərk etdiyini və bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz azaldığını bildirir. Tacikistandan işləmək üçün gedənlərin çoxu Rusiyaya üz tutur. Ona görə də təhlillər göstərir ki, Moskvanın tacik mühacirlərə qarşı siyasəti hər iki ölkəyə mənfi təsir göstərə bilər.
Tacikistanın baş naziri Kohir Rəsulzoda oktyabrda verdiyi bəyanatda Rusiyanın münasibətini tənqid edib və deyib: “Biz vətəndaşlarımızın əsas hüquq və azadlıqlarının pozulmasından narahatıq”.
Berlindəki Karnegi Rusiya Avrasiya Mərkəzindən Temur Umerov Tacikistanda işsizlik səviyyəsinin artması səbəbindən İŞİD-H-yə qoşulanların sayının çoxala biləcəyinə və bunun ölkə daxilində qeyri-sabitliyə səbəb ola biləcəyinə diqqət çəkir.
Bundan əlavə, analitik bildirir ki, Düşənbənin Rusiyaya əməkçi miqrant göndərməkdən başqa iqtisadi baxımdan “B planı yoxdur”.
2011-ci ildən Rusiyada yaşadığını bildirən Tacikistan vətəndaşı Faruk polisin deportasiya fəaliyyətinin artdığını deyir: “Sənədləriniz düzgün oldu-olmadı, bizi iki-üç gün həbsdə saxlayırlar. Nəzarət üçün bəzilərinin pasportları əlindən alınıb”.
Soyadının açıqlanmasını istəməyən tacik mühacir “borcu ödəməli olmasaydım, Rusiyanı çoxdan tərk edərdim” deyir.