AZ

Dünyanın ən sevilən qatili – Rəşad Dağlı fenomeni

Meyxanaçı-şair Rəşad Dağlı qatildir, adam öldürüb, həbsxanada cəza çəkir. Bu mübahisə predmeti deyil.

O, cinayət məsuliyyətindən yayınmayıb, cinayət törətdiyini danmayıb, cəzasını yüngülləşdirmək üçün yalan danışmayıb, çabalamayıb.

Onun cəzalandırılması prosesi tam qanun çərçivəsində gedib, nə özünün, nə yaxınlarını hər hansı etirazı olub.

Rəşadın qətlə yetirdiyi şəxsin qohumları da ondan xüsusi şikayətçi olmayıblar. Onlar əzizlərinin Rəşada qarşı yol verdiyi qəbahətin əslində hər ikisinə baha başa gəlməsi faktı ilə razılaşıblar.

Yəqin ki, bütün bu detallar nəzərə alınaraq, ona nisbətən yüngül cəza kəsilib – 9 il 6 ay.

Adamı bıçaqlayaraq qətlə yetirmək xüsusi amansızlıq sayılır və cəzası ağır olur. Ancaq Rəşad Dağlıya, göründüyü kimi, ağır cəza verməyiblər. Çünki onun törətdiyi qətlin əsasında namus məsələsi durur.

O, hazırda dünyanın ən sevimli qatilidir. Tanıyanların çoxu onun azadlıqda olmasını istəyir, hər gün neçə-neçə məclisdə xatırlanır, hər kəsin dilində ona qarşı bir ifadə var: “Allah qapısını açsın!”

Rəşadın oğlunu müxtəlif məclislərə dəvət edirlər, videoya çəkirlər, təhsilinə, güzəranına dəstək olurlar.

Hamı qəbul edir ki, o, cinayət törədib, adam öldürüb, amma ona sayğı, diqqət böyükdür. Bu da o deməkdir, Rəşad ağır cinayət törətsə də, ona münasibətdə ictimai verdikt belədir: “Düz eləyib”.

Rəşad Dağlı fenomeni budur. Heç kəs onun yerində olmaq istəməz. Yaşının ən gözəl çağında, övladlarının ata diqqətinə, qayğısına ehtiyacları olduğu bir vaxtda heç nədən həbsxanada yatmaq asan iş deyil.

Ancaq Rəşad Dağlı başına gələcək işləri bilə-bilə, əlacı kəsilmiş halda, çıxış yolu tapmayaraq, bir insanı həyatdan qoparıb, həbsxana həyatını seçib.

Onun bu qədər sevilməsi təkcə meyxanaçılığına, istedadlı şair olmasına görə deyil, həm də azərbaycanlıların gözündə ağır cinayət olmayan “namus üstə qətl törətmə”sinə görədir.

Heç kəs onun yerində olmaq istəməsə də, onu alqış deyənlərin istənilən biri istənilən gün onun yanında ola bilər.

Rəşad Dağlı bir avropalı olsaydı, birincisi, heç kəs “sənin haqqında cinsi azlıq nümayəndəsi deyirlər” deyə onu şantaj etməzdi. İkincisi, şantaj etsəydilər, o, buna görə heç kəsi bıçaqla və ya güllə ilə vurmazdı, şikayət edərdi. Üçüncüsü, məhkəmə bu şikayətə gülərdi, deyərdi, nə olsun ki, elə deyirlər, burada nə qəbahət var, insanlıq halıdır, ölkə elə olduğunu danmayanlarla doludur, əsl qəbahət bunu danmaq və ya təhqir sayıb cırnamaqdır.

Ancaq bu, göy qurşağını andıran bayraqlarla bəzədilən küçələri, binalari, stadionları olan ölkələrdə keçərlidir. O ölkələrdə hətta o alabəzək bayraqlara ağız büzənləri qınayır, üzərinə hücuma keçir, ittiham edir, “qara siyahı”lara salırlar.

Azərbaycan kimi ölkələrdə isə bir kişinin üstünə bu cür ad qoymaq şər-böhtanın, təhqirin ən ağırıdır. Xüsusilə də Rəşad Dağlının sevildiyi camiənin sərt mühafizəkar mühitində bu cür böhtanla bağlı araşdırma əksər vaxt hüquq-mühafizə orqanlarında aparılmır.

Polisə, prokurorluğa müraciət edərək, “mənə belə bir böhtan atırlar” deyə şikayət etmək, artıq o adı üstünə götürməyin yarısıdır. Hamı şikayət edən şəxsi qınayacaq, deyəcəklər, biri səni təhqir edir, get, cəzasını özün ver, buna sahə müvəkkili neyləsin.

Rəşad Dağlının böyüdüyü mühit belə tələb etdiyindən o, əlinə qələm götürüb polis bölməsinin rəisinin üstünə şikayət ərizəsi yazmayıb, gedib mağazadan bıçaq alıb, əlinə götürüb və çağrıldığı yerə gedib.

Bu gün o, ona görə bu qədər sevilir ki, şəxsi həyatını, yaxşı dolanışığını, gələcəyini, cavan yaşını riskə qoyaraq, yaddaşlarda təmiz adla, əsl kişi kimi qalmaq variantını seçib.

Günü bu gün onu əfv edib azadlığa buraxsalar, bu akt ölkə miqyasında coşqu ilə qarşılanacaq, böyük əksəriyyət onu alqışlayacaq, minlərlə adam həbsxana önünə onu qarşılamağa gedəcək, adamı evinə krallar kimi çiyinlərdə gətirəcəklər.

Ancaq o, ağır cinayət törədib, hansı üzünə çevirsən də, bu tezlikdə əfv olunması, azadlığa buraxılması mümkün deyil. Bəlli zaman keçməlidir, hüquqi prosedurlara riayət edilməlidir.

Rəşad Dağlı cəmiyyət üçün təhlükəli birisi deyil. Hətta o, azadlığa çıxandan sonra kimsə yenə ona bənzər şəkildə sataşsa, bu dəfə Rəşad Dağlı onunla başqa cür davranar, daha bıçağa əl atmaz. Çünki o, adını, özünü müdafiə etməyi bacardığını bir dəfə hamıya göstərib.

Ona görə də hər dəfə Rəşadın oğlu Yusifin ata həsrəti ilə dilinə gətirdiyi sözləri eşidəndə hamı pis olur.

Ölkədə elə bir mühit olmalıdır, yaradılmalıdır ki, şərə, böhtana, təhqirə məruz qalan insanlar rəqib və düşmənlərinin cəzasını özləri vermək fikrinə düşməsin, öz həyatlarını korlamasınlar. Dövlət bunun üçündür.

“Bir cənub şəhərində” filmində bir epizod var: yük maşını sürən Həsən hansı motivləsə bekar olanda şəhərdən xeyli aralıda yerləşən Loran qəsəbəsinə gedir, çayxanaya girir, camaatı “bu qəsəbədə kişi yoxdur” deyə təhqir edir, sonra qaraja qayıdır. Həsən daha sonra məhəllədə gileylənir ki, getdim, belə dedim, bir adamın səsi çıxmadı, amma gedib milisə şikayət ediblər.

Göründüyü kimi, Loran camaatı nə Həsənə hücum edib onu əzişdirib, döymür, özlərini zibilə salmırlar, amma onu cəzasız da buraxmaq istəmirlər, cəza işini dövlətə həvalə ediblər. Həsənin, eləcə də, Rəşad Dağlının böyüdüyü məhəllədə bu, normal hərəkət sayılmır. Amma ən düzgün çıxış yolu da budur, həyatı alınmamış birinə görə türmədə yatmaq deyil.

Adətdəndir, gərək biz də dünyanın ən sevimli qatilinə alqış deyək: “Allah qapısını açsın!”. Onun da, həbsxanada yatmağa layiq olmayan digərlərinin də.

phrase_var_article.chosen
21
3
medianews.az

4phrase_var_article.sources