AZ

Bakıda Qətər Dövlətinin Müstəqillik Günü qeyd edilib

Bakı, 18 dekabr, AZƏRTAC

Bakıda Qətər Dövlətinin Müstəqillik Günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbir iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra Qətərin Azərbaycandakı səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri çıxış edərək, ölkəsinin rifah, çiçəklənmə və davamlı inkişafını hədəfləyən “Qətər 2030” Milli İdeyasından danışıb.

Qətər-Azərbaycan münasibətlərinə toxunan səfir bildirib ki, strateji tərəfdaşlıq - müttəfiqlik səviyyəsinə yüksələn bu münasibətlərin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəklər. O, həmçinin COP29-da uğurlu ev sahibliyinə görə ölkəmizi təbrik edib.

“Xalqlarımızın və dövlətlərimizin mənafeyinə xidmət edən ideyaların həyata keçirilməsi uğrunda əzmlə çalışırıq. Qətər Dövləti və Azərbaycan Respublikası arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və mədəni səviyyələrdə məsul şəxslərin və iş adamlarının müxtəlif səviyyələrdə qarşılıqlı səfərləri əməkdaşlıq tellərini möhkəmləndirməyə xidmət edir. Həmçinin COP29-a yüksək səviyyədə ev sahibliyi zamanı konfransın idarəetməsində parlaq müvəffəqiyyət qazanan Azərbaycan Respublikasına səmimi təbriklərimi çatdırıram”, - deyə diplomat qeyd edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan hökuməti adından çıxış edərək, müstəqillik dövründə ölkələrimizin birlikdə əhəmiyyətli uğurlara imza atmasından, müxtəlif beynəlxalq tədbirlərdə səmərəli qarşılıqlı fəaliyyət göstərməsindən, bir çox sahəni əhatə edən memorandum və anlaşmaların faydalı nəticələrindən bəhs edib.

“Ötən 30 il ərzində Azərbaycan-Qətər əlaqələri dostluq və qarşılıqlı hörmət əsasında inkişaf edib. Bu dövr ərzində Azərbaycan Respublikası və Qətər Dövlətinin başçıları arasında səfər mübadilələri ikitərəfli əlaqələrin artmasına və daha da zənginləşdirilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, 2021-ci ildən etibarən Azərbaycan və Qətər vətəndaşları vizasız rejimdən istifadə edir. İki paytaxt arasında hər həftə 12 birbaşa uçuş həyata keçirilir. Eyni zamanda, hər iki ölkədə müxtəlif məzmunlu tədbirlər keçirilir. Bu da qardaş xalqlarımız arasında bağlılığın möhkəmləndirilməsinə töhfə verir. Bundan əlavə, Azərbaycan ətraf mühitin qorunması və iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində əhatəli tədbirlər həyata keçirir. Ölkələrimiz arasında 2017-ci ildə vəhşi təbiətin qorunması üzrə anlaşma memorandumu imzalanıb ki, bu gün də bu istiqamətdə birgə tədbirlər həyata keçirilir. Bu addımlar ölkələrimiz arasındakı uğurlu münasibətlərin yalnız bir neçə nümunəsidir”, - deyə nazir vurğulayıb.

Sonra tədbir rəsmi ziyafətlə davam edib.

phrase_var_article.chosen
19
3
azertag.az

4phrase_var_article.sources