Bakı, 18 dekabr, Təhminə Verdiyeva, AZƏRTAC
Hər bir insanın xarakteri, qabiliyyəti, təcrübəsi və dünyagörüşü onun unikal olmasını təmin edir. Bu fərqlər cəmiyyətin inkişafına, sosial ədalətə və qlobal miqyasda tərəqqiyə şərait yaradır. Fərqliliklər yalnız şəxsi səviyyədə deyil, sosial müstəvidə də dəyərlidir. İnsanların xarakteri, hiss və emosiyaları bir-birindən fərqlənir. Bəzi insanlar daha empatik, digərləri isə analitik düşüncəyə malikdir. Bu xüsusiyyətlər əməkdaşlıq zamanı fərqli yanaşmaların formalaşmasına şərait yaradır. Məsələn, yaradıcı insanlar innovativ ideyalarla çıxış edərkən analitik düşüncəyə malik olanlar həmin ideyaları sistemləşdirir. Bu prosesdə müxtəlif xarakterlərin iştirakı ümumi uğura gətirib çıxarır.
Hər bir insanın bilik və bacarıqları fərqlidir
Fərqli şəxsiyyətlər cəmiyyətin inkişafına müxtəlif yollarla töhfə verirlər. Buna misal olaraq, Elon Musk və Tim Cook kimi liderlərin adlarını çəkmək olar. Onlar fərqli xarakterlərə sahibdir. Elon Musk innovativ və riskə meyilli bir lider kimi tanınır, halbuki Tim Cook daha təmkinli, sabitlik və strateji düşüncə ilə “Apple”ın liderliyini qoruyur. Bu fərqli liderlik tərzləri iki texnoloji nəhəngin uğurunu təmin edib. Bundan başqa, Qreta Tunberq yaşından asılı olmayaraq, cəsarəti və qətiyyəti ilə milyonlarla insana təsir edən bir nümunədir. Onun şəxsiyyəti, inadkarlığı və emosional çıxışları iqlim dəyişikliyi ilə bağlı qlobal hərəkatı gücləndirib. O, İsveç iqlim fəalıdır və təbiət mühafizəçisidir. 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.
Hər bir insanın bilik və bacarıqları fərqlidir və bu fərqlər birgə fəaliyyətlərdə əhəmiyyətlidir. NASA-nın “Perseverance Rover” layihəsi fərqli bilik və bacarıqlara malik mühəndislərin, alimlərin və proqramçıların birgə əməkdaşlığı nəticəsində mümkün olub. Layihədə robot texnologiyaları mütəxəssisləri, aerokosmik mühəndislər, proqramçılar və kommunikasiya mütəxəssisləri iştirak ediblər. Bu əməkdaşlıq 2021-ci ildə Marsda həyat izlərini axtaran ən qabaqcıl missiyaya çevrilib.
BMT-nin Qlobal Məqsədləri (Sustainable Development Goals, SDGs) layihələrinin reallaşması fərqli sahələrdən olan mütəxəssislərin birgə işləməsi ilə mümkün olur. Məsələn, su ehtiyatlarının qorunması üzrə layihələrdə ekoloqlar, hüquqşünaslar, mühəndislər və yerli icma nümayəndələri birlikdə çalışırlar.
Düşüncə tərzi və perspektiv
Fərqli düşüncə tərzi problemlərin həllində innovativ yanaşmalar ortaya çıxarır. “Google” şirkətinin məşhur “20 faizlik zaman siyasəti” işçilərə vaxtlarının 20 faizini öz şəxsi ideyalarına sərf etməyə imkan verir. Bu yanaşma nəticəsində “Gmail” və “Google Maps” kimi dünya miqyasında məşhur məhsullar yaradılıb. İşçilərin fərqli düşüncəsi və fərdi yanaşmaları yeni məhsulların yaranmasına səbəb olub.
2024-cü ildə Bakı şəhərində keçirilən COP29 beynəlxalq iqlim sammitində müxtəlif ölkələrdən gələn iştirakçılar iqlim dəyişikliyinə fərqli yanaşmalar təqdim etdilər. Məsələn, İndoneziya torf bataqlıqlarının bərpasını, Norveç isə dəniz külək enerjisini təşviq edir. Fərqli ölkələrin müxtəlif təcrübə və perspektivləri ümumi ekoloji həllərin yaranmasına gətirib çıxarır.
Mədəni müxtəliflik, qlobal dəyərlərin zənginləşməsinə və turizmin inkişafına səbəb olur. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycanın kəlağayı sənəti dünyaya bənzərsiz bir mədəniyyət nümunəsi kimi təqdim olunur. Kəlağayı sənətinin fərqliliyi Azərbaycanın mədəni müxtəlifliyini təmsil edir və milli mədəniyyətin dünyaya tanıdılmasında rol oynayır.
Yaponiyanın Hanami (albalı ağaclarının çiçəklənməsinə baxma) ənənəsi hər il milyonlarla turisti Yaponiyaya cəlb edir. Bu ənənə təkcə yerli mədəniyyətin unikal bir hissəsi deyil, həm də beynəlxalq turizmə böyük töhfələr verir. Həmçinin Braziliyanın Rio de Janeiro karnavalı hər il 2 milyondan çox insanı küçələrə toplayır. Bu, Braziliya mədəniyyətinin rəngarəngliyini təcəssüm etdirir və dünya turizminə böyük təsir göstərir.
Fərqli dəyər və inanc sistemləri cəmiyyətlər arasında tolerantlıq və harmoniyanı artırır. BMT-nin Dünya Dini və Əqidə Azadlığı Konvensiyası bütün din və inancların bərabər şəkildə qorunmasını tələb edir. Bu konvensiya nəticəsində bir çox ölkələrdə fərqli dinlərin birgəyaşayışı təmin edilib. Məsələn, Hindistan həm müsəlman, həm də hindu əhalisinin birgə yaşadığı ölkədir. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dini etiqad azadlığının qorunması üçün müxtəlif qərarlar çıxarır. Məsələn, məktəblərdə hicab qadağası ilə bağlı AİHM-ə müraciət edən insanlar fərqli inanc sistemlərinin müdafiəsini tələb edirlər. Bu proseslər cəmiyyətdə dəyərlər arasındakı fərqlərin dialoq vasitəsilə həll olunmasına töhfə verir.
Bioloji fərqlər
Bioloji müxtəliflik tibbi tədqiqatlarda yeniliklərə yol açır. İnsan Genomu Layihəsi (Human Genome Project) insanın genetik quruluşunu araşdıran beynəlxalq bir təşəbbüs olub. Bu layihə fərqli genetik kodların fərqliliyini təhlil etməklə tibbi müalicələrdə yeni yanaşmaların inkişafına şərait yaradıb. Bu gün xərçəng müalicəsində fərdi genetik məlumatlara əsaslanan “şəxsi müalicə” tətbiq olunur. Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası inklüzivlik prinsipləri ilə həyata keçirilir. Məsələn, ölkəmizdə keçirilən COP29-da fərqli əlillik növlərinə malik iştirakçılar üçün xüsusi şərait yaradılıb. Braille yazılı etiketlər, işarə dili tərcüməçiləri və xüsusi girişlər təmin olunub. Bu da fərqli ehtiyaclara malik insanların unikal tələblərinin necə nəzərə alındığını göstərir.
Fərqlərimiz bizi unikal edir, çünki bu fərqliliklər dünyanı daha zəngin, daha rəngarəng və daha maraqlı edir. NASA-nın missiyaları, BMT-nin məqsədləri, “Google” şirkətini innovativ siyasəti, Azərbaycanın kəlağayı mədəniyyəti və Yaponiyanın Hanami ənənəsi hamısı fərqliliklərin gücünü göstərən nümunələrdir. Cəmiyyət bu fərqlilikləri dəyərləndirdikdə inkişaf, ədalət və bərabərlik təmin olunur. Bu, daha çox innovasiya, daha çox empatiya və daha çox tərəqqi deməkdir.