“Bizim üçün onsuz da bütün rəqiblər çətindir. Amma bu seçmə mərhələdəkilər lap çətindir”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov deyib.
Azərbaycan millisi DÇ-2026-cı seçmə mərhələsində İslandiya, Ukrayna və Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa-Xorvatiya cütünün qalibi ilə bir qrupda mübarizə aparacaq.
Millimizə düşən rəqibləri dəyərləndirən keçmiş yarımmüdafiəçi komandadan hər hansı bir uğurlu nəticə gözləmədiyini bildirib: “Təki hər şey yaxşı olsun, qrupdan çıxaq və arzum həyata keçsin. Amma həm heyətə, həm baş məşqçiyə və əvvəlki nəticələrə baxanda pozitiv bir şey görmürəm. Bu seçmə mərhələdə bir qələbə qazansaq, yaxşı nəticədir. Yəni dırnağarası yaxşı nəticə. Milli komandadan nəsə gözləntim yoxdur. İnanmıram ki, xal yığa bilsinlər”.
Ə.İsmayılov qeyd edib ki, millinin baş məşqçisi Fernandu Santuşdan bu seçmə mərhələdə də hansısa uğurlu iş gözləməyinə dəyməz: “Komandamızın Millətlər Liqasındakı oyunlarını, Santuşun da işini gördük. Elə buna görə pozitiv danışa bilmirəm, millidən heç nə gözləmirəm. Həqiqətən rəqiblər çox güclüdür. Hansısa bir oyunda 3 xal qazansaq, ümumi seçmə mərhələ üçün yaxşı nəticə sayılacaq. Çox istəyirəm ki, qabağa gedək, qrupdan çıxaq, amma real danışmaq lazımdır. Qeyd etdiyim kimi, son nəticələr və düşən rəqiblərə görə yaxşı nəsə gözləmirəm. Təki yaxşı olsun və mən yanılım”.
Ramiq Ağaməmmədov