AZ

Müharibə gərgin şəkildə davam edir: “Ukrayna ərazi itirsə də…”

“Ukraynanın Rusiya ərazilərini hədəf seçməsi davam edən müharibənin təzahürləridir. Müharibə bütün şiddəti ilə davam edərkən tərəflərin bir-birilərinin ərazilərinə raket, dron zərbələri endirməsi artıq adi hal alıb. Ukraynanın artıq Rusiyanın dərinliklərini uzun zamandır dronlarla, son bir ayda isə Qərb istehsalı uzaq mənzilli raketlərlə vurması Rusiyanın qırmızı cizgilərinin çoxdan tapdalanması və acizliyinin nümunəsidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Çeçenistanın və onun rəhbəri Ramzan Kadırovun bu müharibədə Ukraynaya qarşı münasibəti və danışıqları bəllidir:

“O, bu müharibədə rusdan çox rusluq etməklə məşğul olub. Çeçen əsgərlərinin müharibədə daha çox süni şəkildə yersiz reklam etdikləri görüntülər onlara qarşı hər kəsdə aşırı istehza doğurub. Onlara tik-tok ordusu adı qoyulub. Çeçenlərin bir hissəsinin isə Ukrayna tərəfindən rus ordusuna qarşı vuruşduğu da bəllidir. Bu müharibədə Çeçenistan rəhbəri xüsusi ilə canfəşanlığı ilə seçildi. Rusiyanın bir çox bölgələrinin əsgərləri də müharibədə iştirak edir, amma o bölgələrin rəhbərləri Kadırov kimi “artistliklə” məşğul olmayıb. Kadırovun 17yaşlı oğlunu guya müharibəyə göndərdiyi, Ukraynalı  əsirləri Çeçenistana gətirməsi, onlarla rəftarı xüsusi ilə nifrət doğururdu.

Çeçenlərin öndə döyüşən birliklərin arxasında geriyə qaçmaq istəyənlərə qarşı cəza dəstələri kimi istifadə edildiyi də xəbərləri var idi. Görünən odur ki, Çeçenistan ordusu və onun rəhbəri Kadırov Putindən sonra ikinci nifrət edilən şəxslər yerindədir. Çeçenistana edilən hücumlar da buna görə təbiidir. Ukraynanın Çeçenistanı hədəf seçməsi onların hərbi imkanlarının da incəliyini önə çıxarır. Hadisələrin nə ilə başladığı, indi necə davam etdiyi ayrı mövzudur. Görünən odur ki, Ukrayna ərazi itirsə də Rusiyaya yaxşı dərs verə bilir. Hadisələrin sonrakı inkişafının proqnozları artıq dəqiqləşir. Trampın hakimiyyətə gəlməsi ilə müharibənin dayanacağı deyilir. Buna görə də Ukraynanın Şimali Qafqaz ərazilərinə hücumlarının ümumən Qafqaza birbaşa təsir effekti zəifdir. Amma geniş mənada proseslər hələ özünün kuliminasiya nöqtəsinə çatmayıb. Rusiyanın bundan sonra nə edəcəyi məsələlərin sonrakı davamını şərtləndirəcək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr