Dövlət Turizm Agentliyi Azərbaycanda tibbi turizmin inkişafı ilə bağlı genişmiqyaslı strategiya hazırlayır.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Agentliyin Aparat rəhbəri Kamran Qasımov Bakıda keçirilən Səhiyyə İdarəçiliyi Zirvəsində bildirib.
Onun sözlərinə görə, son illər ölkədə tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı xeyli artıb: "Tibbi müəssisələrin inkişafı ilə yanaşı, beynəlxalq standartlara uyğun xidmətlərin təklif edilməsi Azərbaycanın tibbi turizm sahəsində potensialını daha da artırır. Əsas hədəfimiz tibbi turizm və sağlamlıq turizmi sahələrində rəqabət qabiliyyətimizi artırmaqdır. Stomatologiya, oftalmologiya və plastik cərrahiyyə kimi sahələrdə böyük inkişaf potensialımız var. Düzgün idarəçilik və effektiv təbliğat işləri ilə ölkəmizə daha çox turist cəlb edə bilərik”, - deyə o qeyd edib.
K.Qasımov vurğulayıb ki, aidiyyəti dövlət qurumları ilə birlikdə strategiya sənədi üzərində işlər yekunlaşmaq üzrədir: "Strategiyanın qəbulundan sonra bu sahədə daha sistemli yanaşma təmin ediləcək və tibbi turizm üzrə beynəlxalq bazarlarda rəqabət qabiliyyəti gücləndiriləcək".