ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında xüsusi elçi vəzifəsini icra edəcək Keyt Kelloq yanvarda Kiyevə planlaşdırılan səfərdən sonra Moskvaya səfər etməyə hazırdır...
Poliqon bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Agentliyin mənbəsinin sözlərinə görə, Kelloq dəvət olunacağı təqdirdə Rusiyaya gələcək.
Bloomberg-in həmsöhbəti bildirib ki, Moskvaya potensial səfər hər hansı konkret siyasi məqsəd güdməkdənsə, məlumat toplamaq məqsədi daşıyacaq. Keyt Kelloq London, Paris və Romaya da səfər etməyi planlaşdırır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Keyt Kelloqun planlaşdırılan səfərləri ilə bağlı nəşrləri görüb, lakin bu məsələ ilə bağlı Donald Trampın komandası ilə heç bir əlaqə olmayıb: "Xeyr, bizdə təfərrüatlar yoxdur".
Kelloq Rusiya və Ukraynanın cəbhə xəttində hərbi əməliyyatları dondurmasını, ərazilərlə bağlı məsələlərin yalnız diplomatiya yolu ilə həllini və on il müddətinə Ukraynanın NATO-ya daxil olmasından imtina etməsini nəzərdə tutan sülh planının həmmüəllifidir. Eyni zamanda, cənab Kelloq Rusiyanın təcridinə son qoyulması və bəzi sanksiyaların götürülməsinin tərəfdarıdır. WSJ yazır ki, gələcək xüsusi elçi artıq Ukrayna nümayəndə heyəti ilə danışıqlarda iştirak edib.
Poliqon.info