AZ

“Dezinformasiyanı yayanlara qarşı mübarizə gücləndirilməlidir” — AÇIQLAMA

“Media savadlılığı müasir medianın əsas tələbidir. Bu gün informasiya bazarında rəqabət mövcuddur. Hər kəs özünü jurnalist adlandırır, peşəkar zənn edir. Hər kəs bu gün xəbər istehsalçısına çevrilə bilir. Bu da doğru və dəqiq informasiyası seçməkdə çətinliklərə səbəb olur. İnsanlarda çaşqınlıq yaradır, saxta xəbəri fərqləndirmək asan olmur. Media savadlılığı da məhz bu baxımdan aktuallaşır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq, media eksperti Elçin Bayramlı deyib. 

O bildirib ki, günümüzdə medianın maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac var:

“Bu, kütlələrə çıxış imkanlarının artırılması üçün vacibdir. Bu həm də ona görə vacibdir ki, insanlar sosial media deyilən bir informasiya bolluğunda yalan xəbərin ardınca getməsinlər. Peşəkar media ilə sosial medianın fərqi böyükdür. Cəmiyyət doğru xəbərə, etibarlı mənbələrə yönləndirilməlidir. Bunun üçün də peşəkar jurnalistlərə ehtiyac var. Peşəkar media nümayəndəsi doğru xəbər yayır, əldə etdiyi xəbərin mənbəsini axtarır, hansısa hadisədən süni ajiotaj yaratmır. Peşəkar jurnalisti fərqləndirən digər bir əsas cəhət də odur ki, o, reytinq arxasınca qaçmır, sağlam rəqabət aparır, hadisələri təhlil edir”. 

Ekspert müasir dünyamızda sosia medianın böyük təsir gücünə malik olduğunu bildirib: 

“Hər nə qədər sosial media insanların ilk məlumat aldığı, hadisələrdən ilk xəbər tutduğu vasitəyə çevrilsə də, təsir gücünün böyük ölçüdə artması həm də təəssüf doğurur. Çünki sosial mediada bayağı kontentlər də görürük, şou xarakterli xəbərlər də, dezinformasiya da. Saxta xəbərin ilk qaynağı çox vaxt elə sosial media olur. 

Kütlə isə bunu oxumağa daha çox meyil edir. Bu da texnologiyanın inkişaf etməsi, əhatə dairəsinin genişlənməsi ilə bağlıdır. Bununla mübarizə aparmaq üçün aparıcı media subyektləri daha operativ olmalı, dövlət qurumları baş verən hadisələrlə bağlı vaxtında ictimaiyyəti məlumatlandırmalıdırlar. Doğru xəbər saxta xəbəri qabaqlamalıdır. Dezinformasiyanı yayanlara qarşı mübarizə gücləndirilməlidir”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
42
demokrat.az

1Mənbələr