AZ

İqbal Ağazadə: “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…”

“Azərbaycan haqlı olaraq Ermənistan Konstitusiyasının preambula hissəsində ölkəmizə qarşı ərazi iddiasının çıxarılmasını tələb edir”. 

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O vurğulayıb ki, rəsmi Bakı sözügedən hissənin konstitusiyadan çıxarılması ilə bağlı İrəvandan təminat istəyir: 

“Ermənistanın bu addımı atmamasına səbəb isə Azərbaycanla sülh müqaviləsi imzalamamaqla bağlı deyil. Bu, birbaşa Ermənistan daxilində rəqiblərinin Baş nazir Nikol Paşinyana qarşı aktiv mövqe tutması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistan qeyri-qanuni hərbi birləşmələrini Qarabağdan çıxarmağa məcbur qaldı. Bundan sonra isə ölkəsində Paşinyanın mövqeyi kifayət qədər zəiflədi”. 

Partiya sədri qeyd edib ki, indiki vəziyyətdə Ermənistan Konstitusiyasının maddələrinin dəyişməsi Nikol Paşinyana problem yarada bilər: “Xüsusilə Azərbaycan və Türkiyə ərazilərinə iddia edən, uzun illərdir ideoloji istiqamətdə qruplaşmış millətçilərin, şovinistlərin, fərqli təşkilatların və yaxud da fərdlərin təzyiqi altında buna getməyin Paşinyan hakimiyyəti üçün ciddi problem yaratma ehtimalı var. Ona görə də Nikol Paşinyan maksimum şəkildə bu məsələlərdən bir qədər uzaq durmağa çalışır”. 

İqbal Ağazadə onu da bildirib ki, Ermənistandakı daxili vəziyyət Paşinyanın xeyrinə deyil: “Əslində, Paşinyan regionda olan məsələlərin gələcəyi ilə bağlı nələrsə əldə edə biləcəyi təqdirdə ondan bəhrələnmək istəyir. Həmçinin, Rusiyanın Cənubi Qafqazda təsir imkanları azalarsa, Qərb dünyasının Azərbaycana təzyiqi nəticəsində sülh müqaviləsinin imzalanma prosesinin sürətlənəcəyini güman edir. Ona görə də hesab edirəm ki, hər şey Ermənistandakı daxili vəziyyətin Paşinyanın lehinə olmaması ilə bağlıdır. O da bu səbəblərə görə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı maddələri çıxarma və sülh müqaviləsi ilə bağlı prosesi uzadır”.

Seçilən
9
cebheinfo.az

1Mənbələr