AZ

Azərbaycanda neçə suriyalıya yaşamaq icazəsi verilib? - Rəsmi CAVAB

Dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada müxalif qüvvələr hakimiyyəti ələ alıb. Prezident seçkiləri keçirilənədək ölkəyə müvəqqəti hakimiyyət başçılıq edəcək.

Ölkə ərazisindəki qarşıdurmalar səbəbilə dünyanın müxtəlif ölkələrinə miqrasiya etməyə məcbur olan Suriya vətəndaşları da artıq öz torpaqlarına qayıtmağa başlayıblar.

Qeyd edək ki, 2011-ci ildə başlayan vətəndaş müharibəsi milyonlarla suriyalının qaçqın və məcburi köçkün düşməsinə səbəb olub. MT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 14 milyona yaxın suriyalının ölkə daxilində və xaricində məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib.

Münaqişədən qaçan suriyalıların 80 faizindən çoxu Suriya ilə həmsərhəd ölkələrə gediblər.

Suriyalıların ən çox üz tutduğu ölkələrdən biri Türkiyədir. Qardaş ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyədə müvəqqəti yerləşən suriyalıların sayı 3.5 milyondan artıqdır.  Suriyalı qaçqınlara ən çox ev sahibliyi edən növbəti ölkələr Livan (təxminən 855 min), İordaniya (665 min), Almaniya (500 mindən çox), İraq (245 minə yaxın), Misir (130 mindən çox), İsveç (110 mindən çox), Kanada (70 mindən çox) və digərləridir. 

Bəs Azərbaycanda son illərdə neçə suriyalıya müvəqqəti yaşamaq icazəsi verilib.

Modern.az mövzu ilə bağlı Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, son 5 il ərzində Azərbaycan Respublikasının ərazisində 329 nəfər Suriya Ərəb Respublikası vətəndaşına müvəqqəti yaşamaq üçün icazə verilib.

Qeyd edək ki, Suriya daxilində 6 milyondan çox vətəndaş yerini dəyişmək məcburiyyətində qalıb. Əsəd hakimiyyətinin devrilməsindən sonra onların öz yerlərinə qayıdacağı gözlənilir. 

Hakimiyyəti ələ keçirən qüvvələr dünyanın dörd bir yanında yaşayan suriyalılara müraciət edərək vətənlərinə dönmələrini istəyib. Müxtəlif ölkələrdə yaşayan suriyalı qaçqınlar sosial şəbəkələrdə Suriyaya qayıtmaq istədiklərini bəyan ediblər.

 

phrase_var_article.chosen
14
modern.az

1phrase_var_article.sources