AZ

Oğru Yasəmənə aid serial çəkilir, "Netflix"də yayımlanacaq - FOTO

Almaniya türkiyəli gənc qadın haqqında sənədli serial çəkir.

Ölkə.Az “Hürriyet”ə istinadla xəbər verir ki, söhbət Türkiyə əsilli Alman vətəndaşı Yasəmən Gündoğan pul daşıma şirkətindən 8 milyon 200 min avro (təx.14 milyon 650 min manat) oğurlamaqda təqsirləndirilir.
Alman mətbuatında yer alan xəbərlərə görə, 2021-ci ildə həbs edilən 32 yaşlı Gündoğan  8 milyondan çox pulu  zibil qutusuna qoyaraq təhülkəsizlik qapısından çıxarıb və onunla əlbir olan şəxslərə təhvil verib.
“Deutsche Welle” yazır ki, oğurluq hadisəsi bir neçə gün sonra üzə çıxıb. Daha əvvəl xəstəlik kağızı alan Y.Gündoğan isə Türkiyəyə qaçaraq izini itirib.


“Bild” qəzeti Gündoğanın məhkəmə zalındakı hərkətlərini və rahatlığını tənqid edərək onun “utanmaz davrandığını” yazıb.
Nəşr həmçinin müttəhimin məhkəmə zalına 1000 avro (təx. 1800 AZN) dəyərində palto ilə gəldiyini qeyd edib.
Y.Gündoğan məhkəmə zamanı oğurluğu sevgilisinin həbs edilməsindən (narkotik ticarətinə görə) sonra çətin dövrdən keçdiyi zaman etdiyini deyib.
Müttəhim bildirib ki, onu bu əmələ dostu razı salıb.

Hər şeyin əvvəlcə zarafatla başladığını deyən gənc qadın  daha sonra ciddiləşdiyini söyləyib. Daha əvvəllər məhkumluğu olan bir neçə şəxs oğurluq və qaçmaq üçün Y.Gündoğana kömək edib.
Gənc qadın deyib ki, işini yaxşı bildiyi üçün  oğurluğu  uzun müddət əvvəlcədən planlaşdırmağa ehtiyac qalmayıb.
“Bunu hər hansı gündə belə edə bilərdim”- Y.Gündoğan söyləyib.

Hadisə günü pulları kassaya yerləşdirməli olan qadın 8 milyonu tullantı kağızlar üçün ayrılan zibil konteynerinə qoyaraq  çölə çıxarıb.
“Mənim işim bura qədər idi, bundan sonrası onun (əlbir olduğu şəxsi nəzərdə tutur) işi idi”.
Oğurlanan pulların aqibəti isə bəlli deyil. Şübhəli qadın 20-25 min avro aralığında məbləğ götürdüyünü, qalan pulların yerini bilmədiyini deyib.

Türkiyəyə qaçan Y.Gündoğan 2 ildən çox burada lüks otellərdə və hovuzlu villalarda qalıb. O bu müddət ərzində Türkiyədə çətinliklərlə üzləşib:
“Qaçaq həyat heç də yaxşı deyil. Və pulsuz qətiyyən yaxşı deyil. Qaçmaq çox pul tələb edir. İstanbul bahalı şəhərdir” – Y.Gündoğan əlavə edib.
Buna görə də Almaniyaya qayıtmağa qərar verən qadın vəkili vasitəsilə Almaniya rəsmi dairələrinə qayıdacağını xəbər verib. O, Bremen hava limanında polisə təslim olub.

Məhkəmə 3 il sonra əməlini etiraf edən Y.Gündoğanın 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsinə və oğurlanan pulu geri ödəməsinə qərar verib.
Adı Almaniyada ən böyük oğurluq hadisəsində hallanan Gündoğan populyarlıq qazanıb. İndi isə onun haqqında sənədli serial çəkiləcək. O, artıq çəkilişlər üçün müqavilə də imzalayıb.

Leypsiq şəhərindəki istehsalçı şirkətin kreativ direktoru Bernd Şumaxer çəkilişlərin 2025-ci ilin payızına qədər davam edəcəyini bildirib. 64 yaşlı Şumaxer serialın "Netflix", "Disney" və "Amazon" kimi beynəlxalq yayım platformalarında yayımlanacağını bildirib.

Məlumata görə, serialın çəkilişləri Bodrum, İzmir və İstanbulda aparılacaq. Y.Gündoğanın qaçdığı dövrdə başına gələnləri danışmaq üçün bütün ailə üzvləri könüllüdür. Qeyd edilib ki, Y.Gündoğanın qohumlarına çəkilişlərə görə heç bir məbləğ ödənməyəcək.

Billurə Yunus

phrase_var_article.chosen
38
1
olke.az

2phrase_var_article.sources